18 Sentyabr 2014 17:25
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir. Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməyə dair şərhində öz əksini tapıb.

E.Abdullayev qeyd edib ki, bu ilin sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir:

“Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir. Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər