Musa Qasımlı: “Onların indidən qarşısının alınması vacibdir”
Millət vəkili, professor Musa Qasımlı parlamentdə müzakirəyə çıxarılacaq qanun layihələrindən, bir vaxtlar üzvü olduğu Müsavat partiyasının qurultayından və İŞİD təhlükəsindən danışıb.
Deputat teleqraf.com-a açıqlamasında bildirib ki, Milli Məclisin payız sessiyasında “Elm haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və geniş müzakirələrdən sonra qəbul edilməsi vacibdir:
“Bundan başqa bəzi ölkələrin Azərbaycanın daxili işlərinə qarışması cəhdlərinin qarşısını qanunlar çərçivəsində alınması üçün düşünmək lazımdır. Azərbaycan müstəqil dövlət olduğundan siyasətini də özü müəyyənləşdirir. Hesab edirəm ki, polisimizin, ordumuzun gözdən salınması hallarına yol verilməməlidir. Bu sahədə də düşünməyə dəyər”.
“Suriyada döyüşənlər Azərbaycana qayıdanda təhlükə törədəcəklər”
M.Qasımlı Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “İraq-Şam İslam Dövləti” (İŞİD) və digər qanunsuz silahlı birləşmələrə qoşulmuş 26 Azərbaycan vətəndaşının həbsinə də münasibət bildirdi: “İstənilən terrorçu təşkilatın və qruplaşmanın qəti şəkildə əleyhinə olan şəxsəm. Milli Təhlükəsizlik Nazirliyi əməliyyatı uğurla keçirdiyinə görə cənab nazirə və bütün əməkdaşlara təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycan heç bir terrorçu qruplaşmaya, silahlı dəstəyə fəaliyyət üçün icazə verməməlidir. Xüsusən Suriyada və digər ölkələrdə gedib döyüşənlər bir müddət sonra Azərbaycana gələcəklər və onlar ölkəmizdə ictimai-siyasi sabitlik üçün təhlükə törədəcəklər. Onların indidən qarşısının alınması vacibdir. Fikrimcə, Azərbaycan ABŞ-ın anti-terror koalisiyasında çoxdandır iştirak edir və bu məsələdə Azərbaycanın mövqeyi aydındır.
“Qurultayın mənə aidiyyatı yoxdur”
Deputat bir vaxtlar sıralarında olduğu Müsavat Partiyasının sentyabrın 27-də keçirəcəyi qurultaydan da danışıb: “Müsavat Partiyasının keçirəcəyi qurultayın mənə heç bir aidiyyatı yoxdur. Çünki 2003-cü ildə açıq şəkildə bəyanat verərək o partiyadan getmişəm. Həmin zamandan etibarən bu tipli məsələlər mənim üçün bitib. Heç bir siyasi partiyanın üzvü deyiləm, bitərəfəm. Kimi seçilib-seçilməyəcəyi Müsavat Partiyasının daxili işidir”.
Nərgiz