İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano İtaliya hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
O, daha sonra Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini iki ölkə arasındakı münasibətlərdə tarixi mərhələ adlandırıb və bu səfərin müstəsna strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrə böyük təkan verdiyini söyləyib. Səfər vaxtı çoxsaylı sənədlərin, o cümlədən iki ölkənin hökumət başçıları arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalandığını, hazırda pandemiyadan irəli gələn çətinliklərə baxmayaraq iki ölkə arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə nikbinliklə baxdığını və Prezident İlham Əliyevin səfəri vaxtı bu mövzularda aparımış geniş və çox maraqlı müzakirələrdə şəxsən iştirak etdiyini bildirib.
Münasibətlərdə iqtisadi sektorun əhəmiyyətini vurğulayan dövlət katibi İtaliyanın uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, xüsusilə də enerji sektorunda güclü əməkdaşlığın olduğunu, TAP layihəsinin isitsamara verilməsi ilə bu əməkdaşlığın daha da dərinləşəcəyini, iqtisadiyyatın digər sahələrində mövcud olan geniş imkanlardan faydalanmağın əhəmiyyətini bildirib. İki ölkə arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu, mədəniyyət, universitetlərarası, elm və texnologiyalar sahələrində çoxsaylı mübadilələrin həyata keçiridiyini, 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İlinin elan olunduğunu və epidemioloji vəziyyətin düzəlməsi ilə İtaliyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin davam edəcəyinə böyük ümidlər bəslədyini və bu tədbirlərin iki ölkə arasında yaxın dostluq əlaqələrini daha da dərinləşdirəcəyinə əminliyini bildirib.
Manlio Di Stefano çıxışının sonunda bu imkandan istifadə edərək İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma və yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib, baş nazir Cüzeppe Konte, xarici işlər naziri Luici Di Maio və özünün də dəfələrlə dediyi kimi, bütün bunları heç zaman unutmayacaqlarını və göstərilən bu dəstəyin iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisi olduğunu deyib.
Dövlət katibi Azərbaycan və Avropa Birliyi arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanmasında İtaliyanın bütün lazımi dəstək verməyə hazır olduğunu bildirib.