3 Oktyabr 2020 20:51
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Teleqraf.com məktubun mətnini təqdim edir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmışdır. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təxribat nəticəsində indiyə kimi hərbçilərimiz, 19 mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 55 mülki şəxs yaralanmışdır. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır.

Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. İyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini göstərir. Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarla danışıqlar prosesini mənasız etmişdir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləmişdir. Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildirmişdirlər. Mən hər gün türk qardaşlarımızdan çoxsaylı dəstək məktubları alıram.

Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm.

Əziz Qardaşım,

Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər