Müdafiə Sənayesi Nazirliyi tərəfindən əməkdaşlıq edildiyi Türkiyə, Pakistan, İsrail, İordaniya, Korea, İran, Gürcüstan, Qazaxıstan, Serbiya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Avstriya, İsveçrə, Səudiyyə Ərəbistan, Ruanda, Hindistan, İngiltərə, İtaliya, Latviya, Cənubi Afrika Respublikası, İspaniya, Çin və bir sıra başqa ölkələrin 90-dan artıq şirkətinə müraciət ünvanlanıb və Ermənistanın son təxribatları haqqında geniş məlumatlar onların diqqətinə çatdırılıb.
Bu barədə Teleqraf.com-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər erməni işğalçıları Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları təşkil edib, Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələrini ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yararsız hala düşüb.
Ermənistanın hücumlarının qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir.
Döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib.