“Charlie Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir".
Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, “Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir. Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir:
“Charlie Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq.
Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Charlie Hebdo”nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.
“Charlie Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir".