Sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın mübarizə əzminin göstəricisidir. Ali Baş Komandan İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Dövlət başçısının prinsipiallıq və qətiyyəti sayəsində bölgədə durum dəyişib. Böyük diplomatik məharət, dəqiq, məqsədyönlü, ardıcıl siyasət nəticəsində tarixi qələbəmiz təmin edilib.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, Cənubi Qafqazda Azərbaycanın aparıcı dövlət və balanslı siyasi kurs yürütməsinin faydalarını bu gün hər kəs görür.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər yaranmış yeni situasiyadan istifadə etmək imkanı qazanıb: “Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş və qətiyyətli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Məhz bu güc nəticəsində ölkənin potensialının bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi mümkün olub”.
Cavid Osmanovun sözlərinə görə, dövlətimizin apardığı düzgün strategiya hesabına problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradılıb: “Bunların fonunda Ermənistanın bütün regional layihələrdən təcrid olunub və heç bir perspektivi olmayan dalan dövlətə çevrilib”.
Millət vəkili qeyd edib ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın qalibiyyəti təmin olunub: “Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri ilə regionda münasibətlər sistemi dəyişib. Cənab Prezidentin 44 gün ərzində 26 xarici mediaya müsahibələrində münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırması xalqımızın maraqlarının təminatına əsaslanıb”.
Deputatın fikrincə, 44 günlük müharibə Azərbaycan Ordusunun yüksək peşəkarlığını, nizam-intizamını, mobillik qabiliyyətini ortaya çıxarıb: “Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi bütün dünyanın diqqətindədir. Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin mənəvi-psixoloji durumu da burada vacib amillərdəndir. Eyni zamanda cəmiyyətdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi nəticəsində tarixi qələbəmiz uğurla reallaşdı”.