7 Dekabr 2020 11:16
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılmasından 102 il ötür. Teleqraf.com Azərbaycan parlamentində qadın məsələləri ilə bağlı yazını təqdim edir.

***

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin 4-cü bəndində yazılıb: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.

Bu bəndə görə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yəni kişi və qadın fərqi qoyulmadan), toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edir.

Bununla da Azərbaycan Cümhuriyyətinin Konstitusiyası hökmündə olan İstiqlal Bəyannaməsi ilə yeni dövlətin qadına olan münasibəti ilk gündən müəyyən edilmiş oldu.

Cümhuriyyətin ən önəmli addımı qadınlara seçim hüququnun verilməsi oldu.

1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Əsasnamə 10 fəsil və 116 maddədən ibarət idi.

Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu.

Qadınların kişilərlə bərabərhüquqlu olması tezliklə müxtəlif sahələrdə qəbul edilən qanun və nizamnamələrdə də öz əksini tapdı. 1919-cu ilin 29 sentyabrında BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Məclisi-Məbusanda üç ay çəkən müzakirələrdən sonra qəbul edildi. Nizamnamədə universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunurdu ki, universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər.

Cümhuriyyət dövründə qadınların təhsil almasına xüsusi önəm verildi. 1919-1920-ci dərs ilinin başlanğıcında Azərbaycanda 10 qadın gimnaziyası fəaliyyət göstərirdi. 1920-ci ilin başlanğıcında Bakıda “Maariflənmiş əməkçi müsəlman qadınları ittifaqı”ı da yaradıldı. İttifaq mədəni-maarif işi aparmaq və savadsız qadınlar arasında bilik yaymaq məqsədi güdürdü.

Qacar diplomatının hesabatından

1919-1920-ci illərdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbətabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş Qacar nümayəndə heyətinin hesabatında da qadınlara verilən seçki hüququ ilə bağlı maraqlı hissə var. S.Z. Təbətabai yazır:

“Seçkilər ümumidir, qadınların seçib-seçilmək hüququ vardır. Bələdiyyə seçkilərində də, müsəlman qadınlar iştirak edəcəklər. Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək, seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə düşünürdü ki, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar”.

Amma H.b.Ağayevin də bildirdiyi kimi, qadınlara seçki hüququ məsələsi artıq dövrün tələbi idi. Təəssüf ki, Cümhuriyyətin işğalı seçkilərin keçirilməsinə imkan vermədiyi üçün parlamentdə qadınların təmsilçiliyinin necə olacağını bilmək mümkün olmadı. Maraqlıdır ki, ilk gürcü parlamentində azərbaycanlı qadın Pərixan Sofiyeva (1884-1951) təmsil olunub.

Parlamentdə qadın məsələləri

Parlamentdə müzakirələrdə qadın məsələləri deputatların gündəmində olub. Sosialistlərdən Əkbər ağa Şeyxülislamov 10 dekabr 1918-ci il tarixli ikinci iclasdakı çıxışında bildirir:

“Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyız. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir insanlar yaradarlar... Qadınlar məsələsində bir şeyi unutmuş idim. Gərək bir qanun verilsin ki, o qanun üzrə hər kişinin bir nəfər[dən] artıq [arvad] almağa ixtiyarı olmasın”.

Yenə həmin iclasda digər sosialist Əhmədcövdət Pepinov çıxışında bunları deyib: “Müdafiə edəcəyimiz məsələlərdən biri də qadınlarımızın haqq və səlahiyyəti kişilər ilə bərabər olmaqdır”.

Həmin iclasda M.Rəsulzadənin açıqladığı Müsavat firqəsinin proqramında isə yazılıb: “Qadınların səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq məmnudir (qadağandır). Hamilə olan qadın xidmətkarlar doğulduqlarından dörd həftə əvvəl və altı həftədə sonra xidmətdən azad edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini tamamilə alacaqlardır… Qadın əmələ və fəhləsi olan hər bir fabrika, zavod və sair karxanalar yanında südəmər uşaqlara məxsus tərbiyəxanalar yapılacaq. Uşaq əmizdirən ana qulluqçular hər üç saat arasında yarım saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir”.

Göründüyü kimi parlamentin hələ ilk iclaslarından qadın məsələsi deputatların gündəmində olub...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər