Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.
Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.
Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.
Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".