21 Yanvar 16:36
295

Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli Qurbanqulu Məlikquluyeviç, əlbəttə, Sizin müdrik rəhbərliyinizlə Türkmənistanın durmadan inkişaf etməsini xüsusi qeyd etmək istərdim. Siz öz ölkənizi inamla inkişaf, sosial həyatın ən mühüm məsələlərinin həlli, dövlətinizin sərhədləri ilə məhdudlaşmayan infrastruktur layihələrinin həyata keçirilməsi yolu ilə irəli aparırsınız. Həmhüdud dövlətlərdə də Sizin investisiya siyasətiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsini bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.

Siz qeyd etdiyiniz kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmənistan xalqına ən xoş arzularımı, firavanlıq, inkişaf, sülh və rifah diləklərimi çatdırasınız".


Müəllif: Teleqraf.com