22 Yanvar 2021 19:14
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda COVİD-19-a qarşı vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Sumqayıtda fəaliyyət göstərən səhiyyə müəssisələrində yaradılmış vaksin otaqlarında infeksiyaya qarşı kütləvi peyvənd aksiyası həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bu gün Sumqayıtda 5 saylı uşaq poliklinikasında peyvənd olunub.

Vaksinasiyadan sonra açıqlama verən millət vəkili özünü yaxşı hiss etdiyini, bu prosesə hamının qoşulmasının vacibliyini vurğulayıb: “Koronavirusla mübarizədə peyvəndləmə ən vacib mərhələdir. Gördüyünüz kimi burada 0.5 ml məhlul var. İcra edilən zaman heç bir narahatçılıq olmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər