9 Fevral 2021 09:41
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmodovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- İlham müəllim, ölkəmizdə vaksinasiya başlayıb. Proses hazırda hansı mərhələdədir?

- Pandemiyaya qarşı mübarizənin qızıl açarı vaksinasiyadır. Bu gün dünya əhalisinin cəmi 10 faizi peyvəndləşmə prosesinə başlaya bilib. Azərbaycan da vaksinləşməyə ilk başlayan ölkələrdəndir. Eyni zamanda hər ölkənin elə bir gücü və imkanı yoxdur ki, vaksinasiya prosesinə başlaya bilsin. Bu fakt özü bir sıra mətləblərdən xəbər verir.

Cənab Prezidentin diqqəti və qayğısı ilə ölkə əhalisinin sağlamlığı naminə heç bir iqtisadi, maliyyə prinsipi güdmədən dövlətimiz bu prosesi həyata keçirməyə başlayıb. Bu prosesin baş verməsi üçün bütün imkanlar səfərbər edilib. Ümumi vaksinləşmə davam edir.

Eyni zamanda bu gün çox sayda vaksin sifariş edən ölkələrdə də peyvəndləşməyə qarşı birmənalı mübasibət yoxdur. Azərbaycanda əhalinin təşəbbüskarlığı, səhiyyə sisteminin öncədən həyata keçirdiyi proses əsas verir ki, vaksinasiya uğurla yekunlaşacaq. Bir neçə gün öncə daha 500 min doza vaksin ölkəmizə gətirilib. Ehtiyacı olan əhali üçün immunitet yarada biləcək, immunlaşma prosesi uğurla davam edir. Birmənalı şəkildə bu həyata keçirilməlidir. Maarifləndirmə ilə bağlı çağırışlar da bu istiqamətdə olmalıdır. Bu gün dünyada vaksinlə kökü kəsilmiş çoxlu sayda xəstəliklər var.

Qısa zamanda elm və texnologiyanın sürətli inkişafı ona imkan verdi ki, bir neçə vaksin portfeli dünya ictimaiyyətinə təqdim edilib. Eyni zamanda hazırda dünya əhalisinin vaksinə əl çatanlığı da təmin olunmayıb. Azərbaycanda isə dövlətimiz insanların sağlamlığını, təhlükəsizliyini ən prioritet məsələ hesab etdiyi üçün bu məsələdə prinsipiallıq nümayiş etdirib.

- Azərbaycanda tətbiq edilən vaksinin hansısa ölkədə tətbiqi və nəticələri ilə bağlı faktlar mövcuddurmu?

- Çin istehsalı, "Sinovac" şirkətinin CORONOVAC vaksini ənənəvi vaksinlərdən hesab olunur. Yəni bu, müəyyən temperatur altında öldürülmüş viruslardan təşkil olunmuş, hazırlanmış bir vaksindir. Buna ənənəvi vaksin deyillər. Azərbaycan səhiyyəsi mövcud olduğu gündən ənənəvi vaksinlərdən istifadə edilib. "Pifayzer", "Moderna"nın istehsal etdiyi vaksinlər də mövcuddur. Bu vaksinlər əsasən virusun geninə təsir etmək gücündə olan vaksinlərdir. Həm də bunlar soyuq zəncir prinsipinə əsaslanır. Amma "Sinovak"ın istehsalı etdiyi vaksinlər 2-6 dərəcəli mənfi temperaturda, yəni adi soyuducuda saxlana bilən vaksinlərdir.

Öldürülmüş vaksinlər insan orqanizminə heç bir təhlükə yaratmır. Bu vaksin hətta immuniteti zəif olan insanlarda belə güclü immunitet formalaşdıra bilər. Ona görə də seçim o qədər dəqiq və düzgündür ki, bunu bir həkim və bu sahədə təcrübəsi olan insan kimi deyirəm.

- 65 yaşdan yuxarı insanların vaksinasiyasına başlanıldı. Bu yaş kateqoriyasında olan insanların bəzən narahat olduğuna dair fikirlərə rast gəlinir. Necə düşünürsüz tam əminliklə yaşlı nəsil peyvənd oluna bilərmi?

- Ənənəvi, yəni "Sinovac"ın vaksinlərində ciddi bir fəsad hələki ortaya çıxmayıb. Vaksinasiyadan sonra yerli reaksiyadan başqa bir hal yaşanmayıb. Hazırda mövcud durum bundan ibarətdir. Bu hal tək Azərbaycanda deyil. Bütün dünyada bu cürdür. Nəzərdə tutulmuş qaydalar çərçivəsində vaksinasiyanın olması məsləhətdir. 65 yaşdan yuxarı insanlarda həkim göstərişi əsasında vaksinləşmə aparılmalıdır. Şəkərli diabet, ürək-qan-damar xəstəliyi olan insanlar belə çox rahat şəkildə "Sinovac" şirkətinin vaksini ilə peyvənd oluna bilər.

- İlkin vaksindən sonra ikinci vaksinləşmə necə həyata keçiriləcək?

- Vaksinlər iki mərhələdə həyata keçirilir. İlk vaksindən 28 gün sonra 2-ci vaksinləşmə həyata keçirilir. Ümumiyyətlə, antitellər və anticismin əmələ gəlməsi 4 inkubasiya dövrünü əhatə edir. Hər inkubasiya dövrü 8-10-12 gün hesablanır. Ona görə də ay yarım ərzində immun cismin yaranmasını müşahidə etmək olar. Bir sözlə, vaksinasiya xüsusi bir uçotla həyata keçirilir. Birinci vaksin vurduran şəxs 28 gündən sonra dəvət olunur və ona ikinci vaksin vurulur.

- İkinci vaksinin vurulmasına hansı halda ehtiyac qalmır?

- Adətən, vaksin vurulan insanların hər biri könüllü şəkildə bu prosesə qatılır. Peyvənd olunan insan səhhətində heç bir mənfi dəyişiklik hiss etmir. Vaksinin yan təsirləri olmadığı üçün peyvənd olunan insan yenidən gəlib ikinci vaksinasiyadan keçəcək.


Müəllif: Tapdıq Qurbanlı