Əfv Məsələləri Komissiyasının iclasında daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır. İctimai təhlükəliliyi az olan cinayətlərə görə məhkəmə hökmü qüvvəyə minən gündən əfv üçün müraciət edilir. Ağır cinayət törətmiş şəxslərin isə cəzasının yarısını çəkdikdən sonra əfv üçün müraciət etməsi mümkündür.
Bunu Teleqraf.com-a Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa deyib.
Komissiya üzvü ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzanın üçdə ikisini çəkdikdən sonra əfv üçün müraciətinə imkan yaradıldığını söyləyib: “Ömürlük həbs cəzası almış şəxslər 10 illik həbs müddətindən sonra müraciət etmək imkanı qazanır. Məhz müəyyən edilmiş qaydalara uyğun mürəciətlər sistemləşdirilir və baxılır. Müraciətlər müzakirə olunduqdan sonra demokratik yolla hər bir komissiya üzvü məsələyə münasibət bildirə bilir”.
Partiya sədri əfv üçün məqbul olan şəxslərə bərabərhüquqlu yanaşıldığını bildirib: “Hər bir müraciətə ayrı-ayrılıqda fərdi qaydada münasibət olur. Müəyyən yüngülləşdirici hallar da sözsüz nəzərə alınır. Amma vacib faktor kimi qəbul olunmur. Cinayətkarın ailə üzvünün hərbçi olması və döyüşlərdə iştirak etməsi yox, onun ictimai təhlükəlilik dərəcəsi əsas götürülür. Əfv olunan şəxsin cəmiyyətə inteqirasiya olunması vacib şərtdir. Ona görə də, əfvlə bağlı səslənən bir çox meyarlar aparıcı amil kimi qəbul olunmur”.
Fazil Mustafa Novruz Bayramına qədər əfvin olması ehtimalına da aydınlıq gətirib: “Müraciətlər həddən artıq çoxdur. Bunların hər biri ciddi araşdırılır. Ona görə də, konkret Novruz Bayramında əfvin olacağını indidən söyləmək çətin olardı. Çünki hər bir məsələ üzərində ciddi araşdırma aparılır. Bu insan taleyi ilə bağlı məsələdir. Hər halda “hə” və “yox” cavabının verilməsi özü də ciddi məsuliyyət tələb edir”.