Torpaqlarımız işğal altında olduğu zamanlarda cəbhə bölgəsində xidmət edən hərbçilərə əmək haqları artımlarla ödənilirdi. Bu ərazilər cəbhə bölgəsi olduğuna görə əmək haqqına verilən artımlar qanunvericilikdə nəzərdə tutulduğundan artımla həyata keçirilirdi. Amma qələbəmizdən sonra rəsmən müharibənin bitməsinin elan olması ilə həmin qanunun fəaliyyəti məhdudlaşıb, əlavə ödənişlər dayandırılmışdı. Buna baxmayaraq bu ərazilərdə xidmət edən hərbi qulluqçuları digər regionlarla eyniləşdirmək olmazdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə xidmət şəraiti digər regionlarla eyni deyil:
“Azad olunmuş ərazilərdə hələ ki zəruri infrastruktur qurulmayıb. Bu ərazilərdə xidmət keçən hərbçilərimiz çətinliklərlə üzləşir. Ona görə də onların əmək haqlarına artımların dayandırılması müəyyən narazılıqlara səbəb olmuşdu. Sözsüz ki, bu məsələ həll olunmalı idi. Verilən məlumata görə artıq hərbçilərə ödənəcək artımlar yenidən hesablanacaq”.
Azər Badamov bildirib ki, 1 yanvardan başlayaraq işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərə xidmət etdiyi yerə və şəraitə görə əmək haqqı 50%-100% həcmində artırılacaq:
“Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz proqramlar icra edir. Bu proqramlar sayəsində hərbidə xidmət sahələri müasirləşib. Yeni müasir standartlara cavab verən hərbi şəhərçiklər salınıb”.
Deputat işğaldan azad olunmuş ərazilərdə hərbi xidmət üçün yeni infrastrukturun qurulması üçün bəlli zamana ehtiyacın olduğunu qeyd edib:
“Ona görə də həmin ərazilərdə xidmət edən şəxslərin əmək haqları da xidmət etdikləri şəraitə adekvat olmalıdır. Hərbi quulluqçulara əlavə ödənişlərin verilməsi ilə bağlı verilmiş qərar çox müsbətdir. Bu zəruri addım hərbçilərə olan dövlət qayğısının təzahürüdür”.