Üç erməni diversantın qaytarılması Azərbaycan Prezidenti İlham Əliyevin növbəti humanist addımıdır. Lakin bunun qarşılığında erməni tərəfi heç bir addım atmır, minalanmış ərazilərin xəritələrini və Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlı haqqında məlumatları verməkdən imtina edir.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, erməni tərəfi Azərbaycanın terrorçu kimi təsnifatlandırdığı əsirlərinin qaytarılması məsələsini müntəzəm olaraq qabardır, amma Ermənistan Birinci Qarabağ müharibəsində əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarının taleyi barədə indiyədək heç bir məlumat təqdim etməyib, yaxud onları geri qaytarmaq haqqında düşünmür:
“Halbuki, hazırda dörd min nəfərə yaxın mülki vətəndaşımız və hərbi qulluqçumuz itkin kimi qeydiyyatdadır. Digər tərəfdən Ermənistan yalnız özünün maraqlı olduğu məsələləri qabardaraq gündəmdə saxlamağa çalışır. Münaqişənin başa çatmasından və üçtərəfli bəyanatın imzalanmasından artıq altı ay ötür. Lakin Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritə formulyarlarını Azərbaycana verməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi proseslərin müsbət dinamikada inkişafı üçün əlindən gələni edir. Gələcəkdə hər iki ölkənin mehriban qonşuluq şəraitində yaşamasının əsas şərtlərindən biri Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan azərbaycanlı hərbçilərin və mülki şəxslərin nəşinin qaytarılması, eləcə də minalı sahələrin xəritələrinin Azərbaycana verilməsidir. Əks halda bu addımlar birtərəfli qaydada uzun müddət və davamlı olaraq atıla bilməz”.
Hərbi ekspert deyib ki, Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diqtə edən tərəfdir:
“Odur ki, Ermənistan hakimiyyəti, eləcə də Qarabağda sülhməramlı missiyanı həyata keçirən Rusiya tərəfi Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır”.