27 May 2021 23:14
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Yazı

Əvvəli burada:

Üzeyir Hacıbəyli siyasi şərhçi olmaqla yanaşı dövlət və idarəçiliklə bağlı mövcud nəzəriyyələri də təhlil edib. Onun bir sıra məqalələrində dövlət, onun formalaşması mərhələləri haqqında maraqlı fikirlər mövcuddur.
Hacıbəyli və İctimai müqavilə nəzəriyyəsi


Hacıbəyli dövlətin mənşəyini ictimai müqavilə nəzəriyyəsi mövqeyindən izah edib, xüsusi mülkiyyətlə əlaqələndirməyib.

“Hökumət və Millət” adlı məqaləsində hakimiyyətlə xalq arasındakı münasibətlərin 3 mərhələsini qeyd edib. Onun fikrincə, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kamala malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulur. Bu dövrdə hökumət xalq üzərində tam səlahiyyətli deyildi və onun səlahiyyəti xalqın özü tərəfindən müəyyənləşdirilirdi. Belə ki, xalq hökumətə daxillərində olan mübahisələri və xarici düşmənlərin hücumlarının qarşısını alacaq bir gözətçi kimi baxırdı.

Zaman keçdikcə hökumət gözətçilik funksiyasını tamamilə unudaraq xalq üzərində hakimiyyəti ələ alır və xalqı kölə vəziyyətinə çevirir və hakimi-mütləq olur. Bu dövrdə xalqın daxilində cürbəcür siniflər, silklər yaranır. Artıq bu mərhələdə xalqlar təkamül və tərəqqinin sayəsində hökumətin mütləqiyyətindən azad olur, ağıl və kamala yiyələnərək hökumətin zülmündən qurtulmağa çalışır. Bunun nəticəsində tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış Avropa millətləri hökumətlə millət mübarizəsindən ibarət olan “inqilab”ın əsasını qoyur, mütləqiyyətə qalib gəlirlər. Doğrudur, inqilabların sonucunda xalq hökumətin səlahiyyətlərini məhdudlaşdıraraq onu özlərinə köməkçi edə bilməsə də, özləri ona köməkçi, həm də nazir olurlar.

İctimai müqavilə nəzəriyyəsini dəstəkləyən Hacıbəyli dövlətin ilahi mənşəyini irəli sürən teoloji nəzəriyyəyə qarşı çıxaraq yazır: “Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sayəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də müsəlman qardaşlarımızın başlarına gətirdikləri cövr və zülmü və bundan naşi hər iki məmləkətin getdikcə inqiraza yanaşdığını görməyiriz”.

Hacıbəyli dövlətin iki mühüm vəzifəsinin olduğunu qeyd edir: daxili və xarici. Onun fikrincə, dövlət millətlə hökumət arasında baş verən mübarizə və aradan qaldıra bilən bir hakim və xarici düşmənlərin hücumunu dəf etməyə borclu olan bir gözətçidir. O, dövləti hüquqsuz təsəvvür edə bilmir. Onun fikrincə, hüquq dövlətlə yaranır, hakim sinif öz hökmranlığı həyata keçirmək üçün hüquqdan istifadə edir. Sinifli cəmiyyətdə hökumət müəyyən şərtləri qanun adlandırıb, “əli qılınclı gözləyir ki, bir kəsin həmin qanun dairəsindən qədəm kənara qoymağa cürəti olmasın”. Onun fikrincə, indiyə qədərki bütün dövlətlərdə hakimiyyətlə xalq arasında uçurum olub. Dövlət xalqın mənafeyini nəzərə alaraq öz qanunlarını verməlidir. O, bu fikrini daha da inkişaf etdirərək qeyd edir ki, qanunu millətin özü verməlidir, “zərərli qanunu yox edib, yeni, nəfli qanun tərtib etmək üçün camaatın özü iş görməlidir”. O, dövlətin sütunu kimi xalqı qeyd edir.

Üzeyir Hacıbəyli dövlət haqqında fikir irəli sürərkən onu idarəetmə üsullarına görə 3 yerə ayırır:

a) Mütləq monarxiya- (idareyi-müstəqillə) - Bu idarə üsulunda “camaat üçün qanun və nizam tərtib etmək padşahla vüzəranın əlində olub, camaat bu işə qarışmır. Padşah dəxi külli-ixtiyar sahibidir”. Bu cür idarəetmədə xalq zəlil və miskin vəziyyətdə yaşayır, hökumət xalqın rifah və səadəti üçün çalışmır.

b) Konstitusiyalı dövlət-(idareyi-məşrutə) - bu cür dövlətlərdə “ümumi məmləkət üçün qanun qoymaq və nizamlar tətbiq etmək camaat və vəkillərdən ibarət məclisi-məbusanın həll və müzakirəsi ilə olub, padşah dəxi təsdiq edir. Vəzirlərdən ibarət olan hökumət isə bu qanun və nizamnamələri icra edirlər və özləri də məclisi-məbusan qabağında məsul və cavabdehdirlər”

c) Demokratik respublika-(idareyi-amiyyə) - sonuncu üsul idarədə Hacıbəyli xalq hakimiyyətini nəzərdə tutur və bunu demokratik respublika formasında təsəvvür edir. Onun fikrincə, bu idarə üsulunda dövlətdə sinfi, ictimai, milli, dini, cinsi ayrıseçkilik olmur, dövləti müstəqim, bərabər, gizli seçki yolu ilə xalq tərəfindən seçilmiş vəkillər idarə edirlər. Dövlətin verdiyi qanunlar xalqın iradə və mənafeyinin ifadəsi olmalıdır. Bu cür dövlətlərin ən mühüm vəzifəsi vətəndaşların demokratik hüquqlarını (vicdan, söz, mətbuat, yığıncaq, ittifaq) təmin etməkdir.

Hacıbəyli dövlətin tam şəkildə fomalaşmasının bu mərhələrini də göstərib: Müstəqil hökumət; Şurayi-milli, yaxud parlament; Əlbirlik; Ləyaqət-xalq müstəqil olmağa layiq olduğunu sübut etməlidir; İstehqaq (Haqqı olmaq)

Hacıbəyli dövlət idarəçiliyində xalqın iştirakına xüsusi diqqət yetirir. Onun fikrincə, müstəmləkə dövründən fərqli olaraq xalq yeni yaranmış Cümhuriyyətin təşəkkülündə həlledici rol oynamalıdır. “Camaat köməkliyi” adlı məqaləsində Hacıbəyli yazır: “Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu gündən belə hər bir əmri məhz hökumətin boynuna atmaq, “hökumət özü bilər” demək, hökuməti tək başına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək mənafeyi-milliyə və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək, müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Belə günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir. Burasını unutmamalıdır ki, hökumətimiz cavandır, siyasiyat cahandidəsi deyildir, dövlət idarəsi işlərində təcrübəsi azdır. Bununla belə üzərinə həvalə edilmiş olan dövlət yükü baxüsus bu zəmanədə düşmənlər hücumu qarşısında dedikcə ağırdır. Bu ağır yükü cavan hökumətimiz deyil, təcrübə qüvvəsi ilə bəlkə millətimizə məxsus olan və ulu türk babalarımızdan bizə irs qalan hakimiyyət və səltənət hissimizin rəhbərliyi ilə çəkə biləcəkdir”.

“Onun əsl adı insaniyyət düşmənidir”

Ü.Hacıbəyli məqalələrində siyasi partiyalar haqqında da düşüncələrini ifadə edib. O, partiyaların millətə xidmət etmələrini xüsusilə vurğulayıb: “Bir şəxs və ya bir partiya bir millətin azadlığı əleyhində çalışırsa və o milləti digər bir millətin və ya bir neçə nəfər xudsər adamların hökmü altında qul etmək istərsə, o şəxs və ya o partiya bugünkü inqilabat nöqteyi-nəzərindən insaniyyətə düşməndir. Adını sosialist də qoymuş olsa, hürriyyətpərəst də qoymuş olsa yalandı. Onun əsl adı insaniyyət düşmənidir. Haman insaniyyət düşməni olanlardan boyüyü bugün Azərbaycan türklərinin hürriyyəti və istiqlalı əleyhində çalışan partiyalardır. Ç

ünki bu gün müstəqil olmağa və asudə nəfəs çəkməyə bütün millətlərdən artıq möhtac olan Azərbaycan türkləridir, o səbəb ki Rusiya millətləri içində əsarətin ən ağır yükünü çəkən, istibdadın ən şiddətli zülmlərinə düçar olan, dini, milli həqarətin ən acı zərbələrinə məruz qalan, hüququnun ən zərurilərindən də belə məhrum edilən və dünənə qədər zillət və rəzalətlə ömür keçirən, ağız açan, əhval və ovzanın məşəqqətindən şikayət etməyə qüdrəti olmayan bir millət var idisə, o da yalnız Azərbaycan türk milləti idi”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər