26 May 2021 20:02
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elan edilməsi nəticəsində dövrün bir sıra publisist və yazıçıları da bu prosesə qoşuldular. Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi yazıçılar dövlətin qonşu ölkələrdə səfirləri oldular. Publisistlər isə daha çox dövrün qəzetlərində baş verən hadisələri oxuculara çatdırmaq üçün qollarını çirmələdilər. Bu şəxslərdən biri də rəsmi qəzet funksiyasını yerinə yetirən “Azərbaycan”ın türk dilində olan versiyasının redaktoru Üzeyir bəy Hacıbəyli idi.

Üzeyir bəyin Cümhuriyyət illərində yazdığı məqalələrinə diqqət etdiyimiz zaman təkcə bir publisisti deyil, eləcə də dövrün təlatümlü hadisələrini izah edən siyasi şərhçini görürük. Xüsusən, hökumət sistemləri, dünya dövlətləri və Qarabağda baş verən hadisələrlə bağlı fikirləri olduqca qiymətlidir.

Məsələn, “Düşmənlərimizin fəaliyyəti” adlı məqaləsində Hacıbəyli yeni yaranmış Cumhuriyyətin 3 düşməni olduğunu göstərib: “Bugünkü düşmənimiz üçdür. Ermənilərin Daşnaksaqan partiyası, rusların “Vahid Rusiya” tərəfdarları və bir də bunların “sosialist” namını daşıyan müxtəlif firqələri. Daşnaksaqanların bizə qarşı ibraz etdikləri düşmənçilik əksərən cismani bir düşmənçilikdir. Onların fəaliyyəti, hüdudumuza soxulmaqla, əhalimizi qırmaqda və başlarına ənva müsibətlər gətirib yer və yurdlarından fariq olmaq məcburiyyəti qarşısında qoymağa ibraz olunur. “Sosialist” namını daşıyan firqələr isə bizimlə hələlik mənəvi bir mübarizə başlayıb bu mübarizədə əksərən fəhlə orqanizasiyalarına və müxtəlif sayuzlar təşkilatına istinad edir...” Vahid Rusiya” tərəfdarları isə Bakı rus milli komitəsindən ibarət olub “rus kəndləri mənafeyini müdafiə etmək” şüarı altında sabiq rus hökumətinin politikasını yeritməklə bizə və istiqlalımıza qarşı politik bir mübarizə açmaq fəaliyyətini göstərirlər. Rus kəndlilərinin guya Azərbaycan məmurları tərəfindən “zülmlər”ə düçar olduğu haqqında qəzetlərdə qışqırıq salmaq, müttəfiqlərə bizdən haqq-nahaq şikayətlər etmək, Azərbaycanı rus mühacirləri ilə doldurmaq və hər bir şəhərimizdə, hər qəsəbəmizdə rus milli ittifaqı təşkili ilə hökumət içində bir hökumət olmaq işləri bunların fəaliyyəti nümunələrindəndir. Hətta özlərinə məxsus bir qoşun qüvvəsi əldə etmək niyyəti dəxi bunların fikrini ciddi surətdə işğal etməkdədir”.

Hacıbəyli Cümhuriyyətin daxili və xarici düşmənlərinin olduğunu da yazıb. “İçimizdəki denikinlər” adlı məqaləsində ən təhlükəli denikinlər kimi daxildə gizlənən düşmənlərin olmasını bildirbr, bunlardan gələn təhlükənin xarici Denikin qorxusundan daha böyük və xətərli olmasının qeyd edib: “Bir vaxt olar ki, üzərimizə hücum edən xarici düşmənin bəlasını dəf etmək üçün əl qaldırmaq, irəli adlamaq istədikdə görərik ki, daxili düşmənlərin hiyləsi sayəsində qollarımız bağlı və ayaqlarımız bənddədir. Bir dərəcədə ki, heç tərpənməyə halətimiz yoxdur...Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanırsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemləyib bəslədiyimiz denikinlər öz həsrətkeşlərinin yollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürtəkib olub da bizə arxamızdan xəncər yaraları vurmaq və zərbələr yeritmək təşəbbüslərindən çəkinməyəcəkdirlər”.

Cümhuriyyət illərində Ü.Hacıbəylinin ictimai-siyasi görüşlərində geopolitik məsələlər ön sıraya çıxıb, məqalələrində Avropa dövlətlərinin Qafqazdakı planlarına münasibət bildirilib. Onun əsas əhəmiyyət verdiyi dövlətlər içərisində İngiltərə, Rusiya, İtaliya, İran, Fransa, Dağıstan Cumhuriyyəti, Gürcüstan və Ermənistan xüsusi yer tutub

İran haqqında - Hacıbəyli “Qonşuluq” adlı məqaləsində İranın Azərbaycanda yaranmış müstəqil dövlətdən əndişə duymasının gərəksizliyini bildirərək hər iki dövlət arasında dini, siyasi, ictimai və iqtisadi əlaqələrin sıx olmasını nəzərə çatdıraraq İran siyasilərinə heç bir təhlükə olmadığını qeyd edib. Azərbaycana qarşı münasibətdə İran tərəfinin Avropanın qərarını gözləməməsini, onların verdiyi qərara tabe olmamasını qəti şəkildə bildirərək İranın müstəqil şəkildə hərəkət etməsinin vacibliyini yazıb. Argentinanın Gürcüstanın müstəqilliyini tanımasını təqdirəlayiq hesab edən Hacıbəyli İranın bu məsələdə gec davranmasına heç bir əngəl olmadığını nəzərə çatdırıb.

Fransa haqqında - “İki siyasət” adlı məqaləsində Hacıbəyli Fransanın Azərbaycandakı Cümhuriyyətə müvəqqəti dövlət kimi baxması, azərbaycanlıları erməni, gürcü və ruslarla düşmənçilik mövqe tutması fikrinin yanlış olduğunu bildirib, tezliklə bu siyasətdən əl çəkib Azərbaycan Cumhuriyyətinin xalqın istək və iradəsi əsasında yaradılmasının Fransa parlamenti tərəfindən qəbul olunmasına ümidvar olduğunu qeyd edib. Fransa mətbuatında azərbaycanlılar haqqında zalım, vəhşi, yırtıcı, mədəniyyət düşməni kimi tanıtdırılmasının düşmənlərin fəaliyyətinin nəticəsi olaraq görən Hacıbəyli Avropada dəllallıq edən, özünü pula satan məsləksiz mətbuat olmaqla bərabər, doğruluq sevən adamlar, cəmiyyətlər və işin ciddiyyətini nəzərə alaraq hər tərəfin sözünü və şikayətini dinləməklə, bir gözlü və bir qulaqlı olmaq istəməyənlərin də mövcudluğuna inanaraq Fransaya gedən nümayəndəliyin bu məsələləri də həll edəcəyinə ümid bəsləyib.

Rusiya haqqında - Rusiya ilə münasibətlərdə Hacıbəyli daha diqqətli olmağın gərəkliliyini bildirib. Yeni yaranmış Cumhuriyyətin əsas vəzifəsinin Rusiya işlərinə (əsasən bolşeviklərlə denikinçilər arasındakı münasibətlərdə) kənardan baxmaq, Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan dövləti təhdid edən təhlükələrdən qorunmaq olduğunu bildirib. Təhlükənin denikinçilərdən, yoxsa bolşeviklərdən gəlməyindən asılı olmayaraq Cümhuriyyətin hər bir vasitə ilə istiqlalını mühafizə etməsinin vacibliyini qeyd edib.

İtaliya haqqında - “Siyasiyyat” adlı məqaləsində Hacıbəyli ingilislərin Qafqazdan çıxaraq əvəzinə italiyalıların gəlməsini ümidverici hesab edib, fikrini belə əsaslandırıb: “Vaxtilə istibdad və əsarət aclığını dadmış olan italyanlar bu istibdad və əsarət cəngindən yenicə can qurtarmış olan azərbaycanlıların halını gözəlcə anlarlar, əlavə türklər ilə italyanlar arasında qədim və yeni tarixlərdə bir o qədər dərin bir xüsumət və düşmənçilik olmadığını və bu gün italyanlar ilə Osmanlı türkləri arasında mövcud olan ülfət və məvəddəti mülahizəyə alırsaq, italyanlardan bir zərər görməyəcəyimizi indidən qəviən ümid etmək olar”.

İngiltərə haqqında - Hacıbəyli əvvəlcə azərbaycanlılara qarşı mənfi münasibətdə olan ingilislərin tezliklə öz səhvlərini başa düşərək Cümhuriyyətin müstəqilliyini qəbul etmələrini, hökumətin daxili işlərinə qarışmamalarını, Zaqafqaziyanı bolşeviklərin hücumundan qorumalarını, Qarabağ məsələsində Azərbaycan tərəfinin mövqeyini müdafiə etməsini təqdirəlayiq hesab edərək onların Qafqazdan çıxarılmasına heyfslənməməyin mümkünsüzlüyünü qeyd edib.

Dağıstan haqqında - “Şimalımızın halı” adlı məqaləsində Dağıstan Cumhuriyyətinin süqutunun təəssüflə qarşılayaraq, bunun nəticəsinin Azərbaycan üçün təhlükəli olacağını bildirib. Çünki Dağıstanın işğal edilməsi nəticəsində Azərbaycan Rusiya ilə qonşu durumuna düşüb, bu da hökumət üçün təhlükə yaradıb. Dağıstan Cumhuriyyətin müharibə edilmədən təslim olmasını Hacıbəyli onların cürətsizliyi ilə deyil, daxildə olan və heç bir ittifaqda olmayan müxtəlif millətlərdən təşkil olunması ilə izah edib. Çünki gürcülər və türklərdən fərqli olaraq Dağıstan xalqları hər hansı bir məsələni həll edərkən ortaq dil kimi türk, ərəb və ya rus dillərindən istifadə etdiklərini bildirib, buna görə də vahid millət anlayışının formalaşmadığını qeyd edib: “Böylə müxtəlif millətli bir dövlət öz istiqlalını və öz varlığını saxlamaq üçün əvvəl-əvvəl millətləri arasında vacib və lazım olan ittihad və ittifaqa möhtacdır. Əgər bu ittifaq, ittihad və bu əlbirlik, dilbirlik mucib olmasa, bu dövlətin əsgəri qüvvəti də heçdir və qəhrəmanlıqları da fayda verməz... Dağıstanlıların ittihad və ittifaqı ancaq cumhuriyyətlərinin rəsmi adında olub kağız üzərində idi..”.

Hacıbəyliyə görə Azərbaycan parlamenti

1918-ci ilin 7 dekabrında yazılan “Tarixi günümüz” adlı məqaləsini Hacıbəyli “Yaşasın türk Azərbaycan Cumhuriyyətinin cavan parlamanı” fikri ilə tamamlayıb, iki gün sonra yazdığı “Təəssürat” adlı yazısında parlamentin açılışı zamanı keçirdiyi hissləri anladıb, Rəsulzadənin bayrağın mənasını izah edərkən söylədiyi nitqin insanın tüklərini biz-biz etdiyini söyləyib. Ardınca cumhuriyyət anlayışının mahiyyətini ifadə edən bu dəyərli cümləni yazıb: “Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan cumhuriyyətinin məclisi-məbusanını bir nəfər vətən övladı açdı”.

Hacıbəyli Türkmənçay müqaviləsinin şərtinə uyğun olaraq (Xəzərdə yalnız Rusiya tərəfinin hərbi və ticari gəmi saxlamaq hüququnun olması) Azərbaycan gəmilərinin Xəzərdən çıxarılmasının heç bir hüquqi əsası olmadığını bildirib, Rusiya ilə İran arasında bağlanmış hər hansı bir müqavilənin şərtinin bu gün müstəqil Azərbaycan Cümhuriyyətinə aidiyyatı olmadığını qeyd edib. Bu məqsədlə “Əsassız tələb” adlı məqaləsində yazıb: “Azərbaycan üçün dəniz məsələsi can məsələsidir. Bu məsələyə əl vurmaq Azərbaycanın canına toxunmaqdır. Azərbaycan Bakı dənizində hərbi gəmilər saxlamaqla heç kəsi qorxutmaq və heç kəsin yerinə təərrüz etmək fikrində deyildir. Onun fikri özünü xarici imperialist və qəsblər tərəfindən müdafiəyə hazır bir halda durmaqdır. Azərbaycanın özgələr yerinə göz dikdiyini heç kəs xəyalına belə gətirməz. Halbuki özgələrin Azərbaycan torpağı haqqındakı təcavüzkaranə fikri cümləcə məlumdur. Belə olduğu sırada özünü qurudan mühafizə etmək Azərbaycana borc olduğu kimi, dəniz tərəfindən dəxi müdafiə və mühafizə yolunu əlində saxlamaqla var qüvvəsilə səy və qeyrət edəcəkdir”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər