31 May 2021 20:06
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistan siyasi isteblişmentinin (əlbəttə, indi buna isteblişment də demək olmaz) qarşısında dayanan ən mühüm vəzifələrdən biri də 10 noyabr 2020-ci ildən sonra Azərbaycan ərazisində terror-təxribat və diversiya əməlləri törətdikləri üçün saxlanılan, habelə 44 günlük Vətən müharibəsi dövründə yaxalanan, yaxın günlərdə məhkəmə önünə çıxarılacaq hərbi canilərin geri qaytarılmasıdır.

Teleqraf.com bildirir ki, bu da səbəbsiz deyil. Belə ki, Ermənistan siyasi hakimiyyəti bununla bağlı daxildə çox güclü təzyiqlə üzləşir. Sözügedən şəxslərin valideynləri, yaxın qohumları vaxtaşırı Müdafiə Nazirliyinin qarşısında aksiyalar keçirir, yolları bağlayır, nəqliyyatın hərəkətini iflic edirlər. Onlar bununla kifayətlənmir, Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın kortejinin qarşısını kəsir, ondan övladları, yaxınlarının taleyi barədə hesabat tələb edirlər. Erməni valideynlərin tələbinin iki tərəfi var:

1) Onlar rəhbərlikdən tələb edirlər ki, madam müharibə başa çatıb, bizim övladlarımızı bir ucu Türkiyə, bir ucu Gürcüstanla həmsərhəd olan Şirak mərzindən (vilayət) Xocavənd rayonunun Köhnə Tağlar (ermənilər Xin Taqer deyirlər) kəndinə nə üçün aparmışdınız?

2) Siz necə hakimiyyətsiniz ki, Azərbaycanın gücünü, qüdrətini gördüyünüz, müharibədə acı və biabırçı məğlubiyyətə uğradığınız, onları hansısa yollarla geri qaytara bilməyəcəyinizi bildiyiniz halda övladlarımızı odun-alovun içinə atmısınız?!

Bu suallar qarşısında aciz qalan bütövlükdə Ermənistan siyasi hakimiyyəti, o cümlədən diplomatiyası və müdafiə qurumu onlara xas olan ənənəvi metoda üstünlük vermək məcburiyyətində qalıb. Onlar Avropanın əsas beynəlxalq təşkilatlarını, regionda az-çox nüfuz sahibi olan ölkələri Azərbaycana təsir etməyə, dırnaqarası əsirləri geri qaytarmaq üçün Bakıya təsir və təzyiq etməyə çağırırlar. Bu ölkələrin bir çoxları elə azərbaycanafob, islamafob mərkəzlər olduğu üçün bu istiqamətdə gözlərini yumub əllərini qaldıraraq bəyanatlar qəbul edirlər. Ancaq görünür, onlar reallıq hissini, regionda yaranmış yeni geosiyasi reallığı dərketmə qabiliyyətini itiriblər.

Bu gün Azərbaycan 90-cı illərin əvvələrindəki zəif, gücsüz Azərbaycan deyil. Bu gün Azərbaycanın dünyanın 50 güclü ordusu sırasına daxil olan ordusu, güclü iqtisadiyyatı, qətiyyətli, iradəsinə təsir edilməsi qeyri-mümkün olan Müzəffər Ali Baş Komandanı var. Ali Baş Komandan öz gücünü xalqdan alır, daim xalqına arxalanır. Xalq isə onun ətrafında sıx birləşərək ötən ilin sonuncu kvartalında düşmənin başına dəmir yumruq endirib. Eyni zamanda bu gün Azərbaycan diplomatik cəbhədə də hücum mövqeyindədir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin hələ bir neçə il əvvəl diplomatiyamız qarşısında müdafiə mövqeyindən hücum mövqeyinə keçmək tapşırığı qoymasının nəticəsidir. Bu siyasətin bəhrəsi özünü çox gözlətmədi. Bir haşiyə çıxaq. Əgər dövlət başçımızın bu tapşırığı verməsindən əvvəl – 2002-ci ildə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın o vaxtkı prezidenti, əli dinc azərbaycanlıların qanına batmış Robert Köçəryana sual verib sakitcə yerində oturmuşdusa və Köçəryanın verdiyi cavab onların nümayəndə heyətinin üzvləri tərəfindən alqışlarla qarşılanmışdısa, 2009-cu ildə Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov Serj Sərkisyanı verdiyi sualla əməlli-başlı susdurur, onu kəskin ittiham edir. Serj Azatoviç (ata adına diqqət; azərbaycanlı adı Azad) faktiki olaraq Seyidova cavab verə bilmir (bununla bağlı “YouTube” videohostinqində videolar var, maraqlanan baxa bilər).

Ermənistan tərəfinin bu gün səsləndirdiyi əsassız açıqlamalar, Azərbaycana qara yaxmaq istiqamətində səyləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Xarici İşlər Nazirliyi ilə koordinasiya edilmiş fəaliyyəti nəticəsində rəsmən darmadağın edilir.

***

İki gün sonra Bakı Ağır Cinayətlər Məhkəməsində hələ Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi başlayacaq. Əslində isə burada söhbət heç bu iki erməninin məhkəməsinin başlamasından deyil, milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq iki şəxsin təqsirləndirildikləri hərbi cinayət əməllərinə görə ədalət mühakiməsi qarşısına çıxarılmasından gedir.

Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlətdir. Bütün bu cür dövlətlərdə olduğu kimi burada da yol verilən cinayət əməlləri qanuna müvafiq surətdə cəzalandırılır. Bu baxımdan Vətən Müharibəsi başa çatdıqdan sonra ərazimizə soxularaq terror-təxribat əməlləri törədən diversantlar - hansılar ki, hərbi cinayətlərdə ittiham olunurlar - məhkəmə qarşısına çıxarılmalıdır və çıxarılırlar. Onların hər biri konkret cinayət əməlində ittiham olunur. O cümlədən, onların bəziləri Birinci Qarabağ müharibəsi dövründə Xocalıda mülki azərbaycanlılara işgəncələr veriblər.

Yuxarıda Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu səbəbsiz yerə xatırlatmadıq. Azərbaycan insan hüquqları sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub, Milli Məclis bu istiqamətdə bütün sənədləri ratifikasiya edib. Azərbaycan beynəlxalq humanitar hüquqa əməl edilməsi sahəsində nümunə göstəriləcək ölkələrdəndir. Bu baxımdan dünya birliyi, o cümlədən Azərbaycana bu məsələ ilə bağlı təsir və təzyiq göstərməyə çalışan bəzi beynəlxalq dairələr, nəhayət, dərk etməlidirlər ki, burada söhbət sözügedən şəxslərin linç edilməsindən deyil, ədalət mühakiməsi qarşısına çıxarılmasından gedir. Onların ədalət mühakiməsi qarşısına çıxarılması tam demokratik şəkildə, beynəlxal ictimaiyyətin gözləri önündə baş verəcək. Mühakimə olunan ermənilərin qanunla bütün hüquqları təmin olunub, onlar vəkillə, tərcüməçi ilə təmin olunublar. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vaxtaşırı onlara başçəkmə həyata keçirir. Ermənilərə havadarlıq edən ölkələrin buradakı səfirliklərinin nümayəndələri də məhkəmə iclaslarında iştirak edərək ədalət mühakiməsinin obyektivliyinə, ədalətliliyinə və qanuniliyinə özləri şahidlik edə bilərlər. Bu məhkəmə prosesi gizli keçirilməyəcək, açıq və aşkar şəkildə bütün dünyanın gözləri önündə olacaq.

***

Azərbaycanın beynəlxalq mövqelərinin, iqtisadiyyatının nisbətən zəif olduğu, Ermənistanın isə xarici havadarlara arxalanaraq “mənəm-mənəm” dediyi vaxtlarda rəsmi İrəvan regionda praktik olaraq bütün dövlətlərlə (Rusiya, İran, Gürcüstan) yaxşı münasibətlərinin olmasını, uzun illərdir bir-biri ilə kəskin ziddiyyətlərdə (məsələn, İran və ABŞ) olan ölkələrlə yaxınlığını fəxrlə bəyan edir və bunu Ermənistanın yürütdüyü uğurlu “tamamlama siyasəti”nin bəhrəsi adlandırırdı. Ermənistan rəsmiləri qeyd edirdilər ki, Ermənistanın ABŞ-la olan yaxşı münasibətlərini İranla əla münasibətlər, yaxud Fransa ilə yaxşı ələqələri Rusiya ilə əməkdaşlıq tamamlayır. ATƏT-in Minsk Qrupunda bir-biri ilə kəskin ziddiyyətdə olan 3 həmsədr dövlətin əməkdaşlıq etməsini də onlar bu prizmadan şərh edirdilər. Azərbaycanın hərbi və diplomatik sahələrdəki qələbəsi onları bu avantajdan da məhrum edib. Bu gün Ermənistanın yürütdüyü siyasəti ən yaxşı halda “hay-küyçülük siyasəti” adlandırmaq olar.

Bütün bunların dəfələrlə deyilməsinə və yazılmasına baxmayaraq qarşı tərəf yenə də öz bildiyindən əl çəkmir. Nə qədər çalışırsan ki, bütövlükdə erməni xalqı haqqında xoşagəlməz söz deməyəsən, bütöv bir xalqı ittiham etməyəsən, yenə də alınmır. Çünki bu heç nədən hay-küy, haray-həşir, qara-qışqırıq salmaq bir etnosun xislətində və fitrətindədir. Bu xüsusiyyət bütövlükdə böyük ingilis yazıçısı Vilyam Şeksprin “Heç nədən hay-küy” ("Much ado about nothing") komediyasını xatırladır. Müqtədir yazıçımız Mirzə İbrahimovun tərcüməsində “Heç nədən hay-küy” pyesi ilə Azərbaycan oxucusu yaxşı tanış olduğundan bu barədə əlavə nəsə yazmağa ehtiyac duymuruq. Ancaq ermənilərin bugünkü davranışları məhz dahi Şeksprin əsərindəki süjet xəttini xatırladır. Sanki böyük ingilis mütəfəkkiri bu günün haylarını görərək, onların xislətini duyaraq “Heç nədən hay-küy”ü qələmə alıb...


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər