Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda şahid qismində Vidadi Orucəliyev ifadə verib.
O bildirib ki, "N" saylı hərbi hissədə xidmət keçib. 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmətdə olub: "Bu zaman Şuşa istiqamətində iki nəfərin bizim mövqelərimiz barədə müşahidə apardıqlarını gördük. Onları saxlamağa qərar verdik. Onları sorğu-sual etdik. Bizə rus dilində cavab verdilər. Anladıq ki, Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Cavab verə bilmədilər. Onları müvafiq dövlət qurumlarına verdik".
Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlarda hümanitar yardım aşkarlanmayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin saxlanıldığı yerdən Xankəndi şəhərinə yol yoxdur.
Hakim bildirib ki, digər şahid Vüqar Abdullayevin iclasa gəlməməsi ilə bağlı məhkəməyə sənəd təqdim olunub. Sənəd "N" saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Qeyd olunub ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir, məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.
Tərəflər şahidin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Təqsirləndirilən şəxslər də buna etiraz etməyib. Şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Şahid Vüqar Abdullayev digər dindirilən şahidin ifadəsinə uyğun danışıb.
Hakim daha sonra cinayət işində olan sübutların tədqiqi mərhələsinin başlandığını elan edib.
Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər Qarabağda gedən döyüşlərdə iştirak ediblər.
Hakim qeyd edib ki, cinayət işində olan sənədlərdə hər iki təqsirləndirilən şəxs 2019-2020-ci illərdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri məlum olub.
Həmçinin onlar 2020-ci ilin sentyabr ayından Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak ediblər, eyni zamanda Azərbaycan rRspublikasının təhlükəsizliyinə aid məlumatlar toplayaraq Ermənistan xüsusi xidmət orqanlarına ötürürlər.
Təqsirləndirilən Sujyan Gevorg Rubenoviç bildirib ki, üzr diləyir, bağışlanmasını istəyir.
Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib və "nə etmişəmsə, Allah mənim cəzamı versin" - deyə bildirib.
Hakim məhkəmə istintaqının tamamlandığı elan edib. İttiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib. Hazırda prokuror çıxış edir.