Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər çıxış edib.
Zərərçəkmiş Elşən İslamov təqsirləndirilən şəxslərə ən ağır cəza, ömürlük cəza verilməsini istəyib.
Zərərçəkmiş Elman Hacıyev deyib ki, əsirlikdə olanda bu şəxslərə işgəncə verməməsi üçün çox yalvarıb və bu səbəbdən onlara ağır cəza tələb edir.
Digər zərərçəkmişlər də analoji mövqedən çıxış ediblər. Daha sonra vəkillər çıxış üçün vaxt istəyiblər.
Proses avqustun 2-nə təyin olunub.