İyul ayının 28-dən başlayaraq qardaş ölkənin 21 vilayətində 63 meşə yanğını hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində azı 4 nəfər həlak olub. Yanğınlardan xəsarət alan onlarla şəxs xəstəxanalara yerləşdirilib. İlk növbədə, həlak olanlara ulu Tanrıdan rəhmət, yaxınlarına səbr diləyirəm!
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Millət vəkili qeyd edib ki, qardaş ölkədə baş verən yanğınların səbəbi barədə səsləndirilməkdə olan fərqli versiyaları təsdiq yaxud təkzib etmədən, əsas diqqətin, bir an öncə yanğın ocaqlarının tamamən nəzarət altına alınması və itkilərin mümkün miqdar azaldılması yönündə olduğunu vurğulamalıyıq: “Baş vermə səbəbindən asılı olmayaraq, hazırda əsas vəzifə yanğının söndürülməsi, yaraların sarınması, zərərlərin aradan qaldırılması üçün addımlar atılmasıdır. Qardaş ölkə xalqının həmrəyliyi, Türk dövlətinin qətiyyətli addımları bu mərhələdə böyük önəmə malikdir. Türkiyədəki həmrəylik qürurvericidir. Eləcə də, Azərbaycan Prezidenti başda olmaqla, dövlətimizin, xalqımızın hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə ilə həmrəyliyi və onun yanında olması xüsusi ilə dəyərlidir. Biz bir millətin iki dövləti olduğumuzu, sevincimizin də, kədərimizin də eyni olduğunu bir daha göstəririk”.
Komitə sədri söyləyib ki, qardaş ölkədə baş vermiş və fəsadlar törətmiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir: “Qardaş dövlətin qətiyyətli qərarları, xalqın həmrəyliyi, qardaş və əsl dost ölkələrin dəstəyi ilə yanğınlar söndürüləcək. Əziz Türkiyəmiz bu fəlakətin də öhdəsindən gələcək, yeni bir uğur örnəyi yaradacaq. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, qardaş ölkəmizdəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Artıq uyğunprofilli dövlət qurumlarımız Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və mümkün olan ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola salınacaq. Bir daha, qardaş ölkəyə keçmiş olsun!
Yanındayıq, Türkiyə! Sənin meşən yananda bizim də ürəyimiz yanır...”