25 May 2022 12:42
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədin delimitasiyası üzrə komissiyaların dünən ilk görüşünün keçirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin tərcümeyi-halıdır.

Teleqraf.com xəbər verir ki, Ermənistan mediası Şahin Mustafayevin Noyemberyan rayonunun Cucevan kəndində (Qərbi Azərbaycanda) doğulmasına diqqət çəkir.

Onun 8-ci sinfə qədər kənd məktəbində təhsil aldığı və erməni dilini, eləcə də Ermənistan tarixini mükəmməl bildiyi, erməni diasporunu çox yaxşı tanıdığı qeyd olunur. Belə bir şəxsin sərhəd komissiyasına rəhbərlik etməsi erməniləri narahat edir.

“Delimitasiya və sülh sazişinin hazırlanması prosesi də proqnozların əksinə olaraq çox sürətlə gedir. Mayın 24-də baş nazir müavinlərinin iclası tələsik təşkil olundu. Reallıq budur ki, Azərbaycan tələsir, Ermənistan tərəfinin prosesi dayandırmaq imkanı isə yoxdur”, - erməni mediası qeyd edir.

“Hraparak” qəzeti yazır ki, Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub: "Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir", - deyə məlumatda qeyd olunub.

Ermənistanda fəaliyyət göstərən “Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə “Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb.


Müəllif: Teleqraf.com