28 Noyabr 2014 12:54
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentə əlavə olaraq 450 min, QHT Şurasına 600 min, elmə 8 milyon ayrıldı

Milli Məclisdə 2015-ci il dövlət büdcəsi məsələsi müzakirə edilib. Bu haqda maliyyə naziri Samir Şərifov deputatlara məlumat verib.

Nazir deyib ki, millət vəkilləri tərəfindən irəli sürülən təklif və tövsiyələr hökumət tərəfindən öyrənilib, təhlil edilib, bəzi sahələri üzrə xərclər artırılıb.

Onun sözlərinə görə, qaldırılan bir çox məsələlərin həlli maliyyə tutumu və zaman tələbinə görə, çox dövrü əhatə edə bilər:

“Büdcədə nəzərdə tutulan bəzi xərclər üzrə maliyyə təminatının yaradılması üzrə məqamlar nəzərdə tutulub”.

Samir Şərifov qeyd edib ki, bir çox millət vəkilləri elm xərclərinin artırılmasını irəli sürüblər: “Təklifləri nəzərə alaraq elmə 8 milyon manat artırılmasını məqbul hesab edirik. Artımdan sonra elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək”.

Maliyyə naziri bildirib ki, deputatların digər təklifi siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyənin artırılması ilə bağlı olub: “Bunu nəzərdən keçirdik. Siyasi partiyalar haqqında qanunun 17-ci maddəsinə uyğun olaraq hazırda partiyalara ayrılan 250 min manat obyektiv səbəbdən bölüşdürülməmiş qalıb. Bundan istifadə etmək mümkündür. Qanunun 17.1 maddəsinə düzəliş edilməlidir. Bu düzəliş vəsaitin partiyalar arasında bölüşdürülməsinə şərait yaradacaq. Müvafiq düzəlişlə bağlı qanun layihəsinin yaxın günlərdə parlamentə təqdim ediləcəyi gözlənilir”.

Nazir qeyd edib ki, deputatlar QHT-lərə Dövlət Dəstəyi Şurasına da maliyyənin artırılmasını təklif ediblər. Onun sözlərinə görə, bu məsələdə hökumət tərəfindən öyrənilib: “Bu sahəyə əlavə 600 min manat qaldırılması təklifini hökumət qeyd edir. Bu hökumətin QHT sektoruna qayğısı kimi qəbul edilə bilər”.

Nazir əalvə edib ki, bələdiyyələrə büdcədən dotasiyanın artırılması ilə bağlı da təkliflər irəli sürülüb: “Bu təkliflər də hökumət tərəfindən təhlil edilib. Bələdiyyələrin gəlirlərinin icrası qənabətxş deyil. Bu orta hesabla 50-60 faiz çərçivəsindədir. Hökumət hesab edir ki, bələdiyyələrə büdcədən birbaşa maliyyə artırılması deyil, onlara imkan yaradılmalıdır ki, gəlirləri artsın. Bu məqsədlə Vergilər Məcəlləsinə müvafiq dəyişiklik edilib. Biz hesab edirik ki, bələdiyyələrin maliyyə təminatı güclənəcək. Növbəti illərdə bələdiyyələrə dotasiyaların artırılması deyil, maliyyə təminatının, gəlirlərinin güclənməsini təmin etmək məqbuldur”.

Sonda nazir bildirib ki, Milli Məclisin 2015-ci il üçün xərclərinin artırılması da təklif edilib: “Hökumət bu məsələyə baxıb və nəzərdə tutulub ki, 450 min manat artırılsın. Beləliklə də, Milli Məclisin büdcəsi 23 milyon 807 min manat olacaq”.

Maliyyə nazir xatırladıb ki, dünya bazarında yaşanan təlatüm yeni çağırışları gündəmə gətirir:
“Azərbaycanın yerləşdiyi regionda gərginliyin artması da təsirsiz deyil. Amma prezidentin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin qorunub saxlanması, 2015-ci ildə büdcə ilə nəzərdə tutulan bütün dövlət və sosial vəzifələrin, proyektlərin yerinə yetirilməsinə nail olunacaq. Mən deputatları qanun layihəsinə səs verməyə çağırıram”.

Millət vəkili Vahid Əhmədov isə deyib ki, şəhidlər və əlillər Milli Məclisə gəlib və onlara ödəniləcək konpensasiyanın həll edilməsi məsələsini qaldırırlar: “Hökumət nümayəndələrinin burada olduğunu nəzərə alaraq xahiş edirəm ki, bu məsələni həll edək”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ hökumət deyil, Konstitusiya Məhkəməsə səviyyəsində həll edilir.

Millət vəkili Siyavuş Novruzov da şəhid ailələrinin, əlilərinin parlamentin qarşısına toplaşdığına diqqət çəkib: “Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Bu onların haqqıdır. Məncə, bu məsələyə baxılmalı, nəzərə alınmalıdır. Onlar bu gün də bəyan etdilər ki, prezidentin ətrafında birləşiblər, sabah müharibə olsa, yenidən silaha sarılacaqlar. Oqtay müəllim, mən sizdən də xahiş edirəm ki, qanunverici səviyyəsində nə lazımdırsa edilsin ki, bu insanlar zəhmət çəkib bir daha bura gəlməsinlər. Mən Səlim Müslümovun da burada iştirakını nəzərə alaraq xahiş edirəm ki, onların mənzillə təminatı işini bir qədər sürətləndirsin. Bu həm də bir nümunə olar”.

Sonda “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini səsə qoyuldu. 90 lehinə, 3 səs əleyhinə olaraq növbəti ilin büdcəsi qəbul olundu.

Nemət


Müəllif:

Oxşar xəbərlər