26 Avqust 2022 13:10
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər kimlərsə tarixi yadlarına salmaq istəyirlərsə, onda X əsrdən XX əsrin 20-ci illərinə qədər hansı dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını unutmasınlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert İran xarici işlər nazirinin sabiq müavini Əbülfəzl Zuhtəvəndin Azərbaycan əleyhinə təxribatçı fikirlərinə diqqət çəkib:

“Azərbaycan - İran arasında vəziyyətin gərginləşməsində maraqlı olan bəzi fars qrupları və Qafqazdan uzaqda olan beynəlxalq aktorlar məqsədlərinə çatmamalıdırlar. Məlumdur ki, Azərbaycan bu illər ərzində dəfələrlə edilmiş təkliflərə baxmayaraq, qonşularına qarşı təşkil olunan ittifaqlarda yer almadı və bundan sonra da almayacaq. Çünki siyasətdə böyük dövlətlərin öz hədəfləri hesabına xalqları və dövlətləri qurban verdiyi məlum faktlardandır. Lakin bu o demək deyil ki, bizə qarşı davamlı xarakter alan anti-Azərbaycan kampaniyalarına göz yumulacaq və baş verənlər qulaqardına vurulacaq.

Qonşuların bir-birinə hörməti qarşılıqlı olmalı, çıxışlarda pərdə götürülməməlidir. Təəssüflər olsun ki, ölkəmizə qarşı yaraşmayan münasibətin şahidiyik. Bəzi “dindarlar” tərəfindən başladılan, jurnalistlər tərəfindən davam etdirilən və hazırda diplomatlar tərəfindən Azərbaycan torpaqları ilə bağlı ardıcıl xarakter daşıyan işğalçıya məxsus olan bəyanatlar ziyanlı və qəbuledilməzdir. Əgər kimlərsə tarixi yadlarına salmaq istəyirlərsə, onda X əsrdən XX əsrin 20-ci illərinə qədər hansı dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını unutmasınlar”.

Reallığı qəbul etmək lazımdır. Azərbaycanın tarixi ərazilərini bərpa etməsi qaçılmaz prosesdir. Bayrağımız qədim Zəngəzurumuzda dalğalanacaq. Laçın-Qarakilsə-Naxçıvan, Füzuli-Mehri-Naxçıvan yolları da ən qısa tarixin reallığıdır. Nəhayət, yeni proseslər regiona sabitlik və firəvanlıq gətirəcək. Azərbaycan “Altılıq” platformasını təklif edərək, qalib dövlət kimi hər kəsi böyük Qafqaz evində əmin-amanlığa töhfə verməyə dəvət edir”.

Qeyd edək ki, bundan əvvəl Əbülfəzl Zuhtəvənd Azərbaycanın İrana “ilhaq” edilməli olduğunu deyib. İranlı diplomatın təxribatçı və düşmən ritorikası ölkəmizdə hiddətlə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər