17 Sentyabr 2022 22:54
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin keçici sədri, 1965-1977-ci illərdə dörd dönəm millət vəkili olmuş Kinyas Kartalın həyatında Azərbaycan da önəmli yer tutub. Belə ki, uzun ömür yaşayan bu siyasətçi Azərbaycan Cümhuriyyəti dövründə Bakıda əsgəri məktəbdə oxuyub.

Türkiyədə adı “Kinyas” olaraq qeyd olunan bu siyasətçinin adı Azərbaycanda da bir dövr işlədilən Knyazdır. Geniş əşirət olan bu ailə Rusiya-Osmanlı müharibələri dövründə Türkiyəyə köç ediblər.

Kinyas Kartal 1900-cü ildə Iğdırda çar Rusiyasının təbəəsi olaraq doğulub. Xatirələrində ata-babaları haqqında belə yazıb: “Beşinci nəsildən dədəm Şemdin Diyarbəkirin Qaracadağ bölgəsində yaşayarkən bir hadisə səbəbindən Iğdır-Aralıqın Dil bölgəsinə yerləşiblər. Ondan sonra gələn nəsillər ardıcıllıqla belədir: Şəmdin oğlu Məhəmməd, onun oğlu Nadir, onun oğlu Fəthi, onun oğlu Bədir və onun oğlu mən. Biz Vana köçənə qədər sərhəd dəyişiklikləri və hadisələrə görə Rusiya, daha sonra Sovet İttifaqı, İran, Osmanlı imperatorluğu, nəhayət, Türkiyə Cümhuriyyəti sərhədləri daxilində yaşadıq. Biz Dil bölgəsinə gəldiyimiz zaman bu bölgə İran sərhədləri içərisində idi. Bu bölgə daha sonra rusların əlinə keçdi. Dil bölgəsi rusların əlinə keçincə hələ də Sovet İttifaqı sərhədlərində yerləşəm Tarımkənddə dünyaya gəldim”.

Kinyas Kartalla bağlı parlament sənədlərində doğum yeri kimi Iğdırın Torun kəndi göstərilib. Həmid, Hacıbala, Hacıbari, İslam və Verde adlı qardaşları, 10 övladı olub. Rus, fransız dillərini bilib. Müəyyən qədər də alman və ərəbcəyə hakim olub. Türkiyəyə gəldikdən sonra həm çiftçilik, həm ticarətlə məşğul olub. Kinyas bəyin ilk xanımı Viktoriya adında bir rus generalın qızı olub.

Tiflis-Kiyev-Bakı

Kartal xatirələrində atasının onu zabit olaraq yetişdirmək istəyindən bəhs edib: “Təhsilimə Tarımkənddə başladım. O dönəmdə rusların ibtidai və orta məktəbləri bir yerdə idi. Gimnaziya deyirdilər. Buranı bitirdikdən sonra atam məni əsgəri liseyə vermək istədi. Tiflisdə imtahana girdim və qazandım. Ukraynanın Kiyev şəhərində əsgəri liseydə oxumağa başladım. 1918-ci ildə əsgəri liseydən məzun oldum... Əsgərlik məsləyini seçməyimə mərhum atam səbəb olmuşdu. Mərhum gözüaçıqdı və məni çox sevirdi. “Səni zabit edəcəyəm, amma süvari olacaqsan. Atının nalları gümüş olacaq, mismarlarını qızıldan vurduracağam” deyərdi. Çox zəngin idi”.

Kartalın atası Bədir bəyi əşirət ağası idi. Onların mənsub olduğu Buriki əşirətinin kürd mənşəli olduğu yazılır.

Kinyas bəy rus inqilabına da şahidlik edib: “Rus ixtilalı mənim əsgəri liseyi bitirdiyim il başladı. O illərdə Azərbaycanda müstəqil bir türk dövləti vardı. Mən Bakıda hərbi məktəbi bitirib bir il teymən (leytenant) olduqdan sonra ruslar Azərbaycanı istila etdilər. Mənə də “qırmızı generallar kursu”na qatılmağımı təklif etdilər. Kommunist ideologiyasını mənimsəmədiyim üçün qatılmadım. Ruslarla və kommunistlərlə heç bir zaman əməkdaşlıq etmədim. Onlara dəstək olmadım və heç sevmədim”.

Gənc hərbçi rus inqilabı dövründə başına gələnlərdən də bəhs edib: “Bu illərdə Kiyevdən İrəvana qayıtmaq istədim. Ailəm İrəvanda idi. Şübhəsiz ki, belə bir dövrdə məni yanlarında görmək istəyirdilər. Şərtlər mənə bu imkanı vermədi. Azərbaycanın Bakı şəhərində hərbi məktəbə girdim. Burada təhsil həyatım iki il davam etdi. İki il sonra hərbi məktəb məzunu oldum. Məzuniyyətdən sonra bir müddət Bakıda qaldım. Sovet ordusu İrana gedərkən mən də birliyimlə birlikdə İrana keçdim. Kazbin bölgəsində bir müddət qaldım. Sonra Sovet hərbi qərargahına müraciət edərək İrəvan şəhərinin Naxçıvan bölgəsi hərbi komissarlığına göndərilməyimi istədim və orada işə başladım... Naxçıvanda vəzifədə ikən 9-cu Qafqaz tüməninin İrəvanda olduğunu öyrəndim. Atam Rüştü paşanın qüvvətlərinin səfində Osmanlı imperatorluğunun əsgəri qüvvətləri ilə çiyin-çiyinə mücadilə edirdi. Rüştü paşa o illərdə tümən komandanı idi, əşirətlərlə, xüsusilə bizim əşirətimizlə çox sağlam əlaqəsi vardı. Atamın əmrində 600 süvaridən meydana gəlmiş bir qüvvət vardı. Atam Bədir bəy Rüştü paşadan təltif də almışdı”.

Kinyas Kartal o illərdə türkə qənim kəsilən erməni silahlı dəstələrinin cinayətlərindən də bəhs edib: “Keçmişdə yaşadığım yerlərdə, şübhəsiz ki, ermənilər də vardı. Onların arasında yaxşı qonşuluq qurduğumuz, yaxşılıq edib, yaxşılıq gördüyümüz ermənilər də vardı. Bir çox erməni dostum olmuşdur. Ancaq sonradan anladıq ki, ermənilərin bir qismi ikiüzlü imişlər. Bəzi ermənilər hiyləgər fəaliyyətdə imişlər. Aranın qarışmasını, əllərinə fürsət keçməsini gözləyən ermənilər də vardı. Yaxın dostumuz olduğunu zənn etdiyimiz ermənilər arasından çox tez şəkildə bizə qarşı cəbhə açıb yox etmək istəyənlər çıxdı. Atam Bədir bir erməni xaininin qurşunu ilə şəhid oldu. Bu, ermənilərin ailəmizə və əşirətimizə verdiyi ilk acı deyildi. Son acı da olmadı. Müsəlmanların olmadığı bir erməni yurdu xəyalını gerçəkləşdirmək üçün çalışırdılar”.

Atasının öldürülməsindən sonra əşirət yenidən Türkiyəyə qayıdıb: “9-cu Qafqaz tüməni İrəvandan geri çəkilincə vəziyyət erməni dəstələrinin lehinə oldu. Atam Bədir bəyin şəhid olmasından sonra əşirətimiz İranda bir il də qaldı. Həmin dövrdə yurdumuz Türkiyəyə qayıtdıq. 1920-1923-cü illər arasında Van bölgəsinə köçümüz davam etdi”.

Kinyas bəy xatirələrində babası Fəthi bəylə də bağlı maraqlı hadisə nəql edib: “Dədəm Fəthi bəyin komandanlıq etdiyi bizim Buriki əşirətinin meydana gətirdiyi süvarı alayı 93 hərbində ruslarla birgə iştirak etmək məcburiyyətində qalır. Əşirət böyükləri aralarında qərar alırlar. Dədəm Fəthi bəy əsgərlərinə əmr verir, lakin savaş meydanına girincə hamısı Osmanlının tərəfinə keçib ruslara atəş açırlar. Vəziyyəti görən rus idarəçiləri Fəthi bəyi aradan götürmək üçün Doğubəyaziddəki komandana verməsi üçün onunla zərf göndərirlər. Qurduqları plana görə dədəm zərfi verdikdən sonra əşirətinin xaricində qalan bir bölgədə öldürüləcəkdi. Vəziyyəti anlayan dədəm canını qurtara bilir. Daha sonra əşirət alayımız türk qüvvətləri ilə birləşir. Aradan zaman keçib biz Türkiyəyə gəlincə mənim rus ordusunda zabit olduğumu xəbər edirlər. Kazım Qarabəkir paşaya mənim Bədir bəyin oğlu olduğum deyilincə məsələ həllini tapır. Atam məni Rüştü paşa ilə tanış etdikdən üç gün sonra şəhid olmuşdu”.

Kartal ailəsinin rus inqilabına münasibətindən də bəhs edib: “Biz Rusiyadakı 1917-ci il ixtilalına tərəfdar deyildik. Mən o mücadilədə çarlığın tərəfində idim. Günortaya doğru ixtilalçılar əllərində zopalarla məktəbə hücum etmişdilər. Orada yaşamaq mümkün deyildi...”.

Xatirələrində Kinyas bəy əsgəri liseydə oxuduğu illərdə başına gələn bəzi hadisələrdən də bəhs edib: “Mən əsgəri liseydə oxuduğum illərdə Ərzurum rus qoşunları tərəfindən işğal edilmişdi. Çöldə rus əsgərləri zəfər şənlikləri keçirərkən Ərzurum və Qafqaz xalqından ermənilər də onlara qoşulurdu. Mən hər gecə yatağıma girər, yorğanımı başıma çəkərək sabaha qədər ağlayardım... Bir gün bir erməni mənə “Məhəmmədi öldürər, dərisini duzlayıb sataram” dedi. Çox təhrik edilmişdim. Bu tələbə yoldaşımı yaxşıca döydüm, iki dişini qırdım. Döyülən tələbə yoldaşım məni şikayət etdi. Məndən müdafiəmi istədilər. Dissiplin zabiti “bura dağın başı deyil, niyə dalaşdın, niyə bunun iki dişini qırdın” deyə soruşdu. “Mən müsəlmanam, məktəbinizdə müsəlmanlara yer yoxdursa, ayrılıb gedərəm. Burada müsəlman tələbələrin oxuma haqqı varsa, heç kimin mənə həqarət etməyə haqqı yoxdur. Təhqir edildim, qarşılıq verdim” dedim. Bunun üzərinə təhqiqatı aparan zabit gənclərimizin bilməsini istədiyim bir cavab verdi: “Öz dininə hörməti olmayanın bizim dövlətimizə və çarımıza da hörməti olmaz. Bir daha dininə həqarət edənin iki deyil, dörd dişini qır”.

Kartalın qısa xatirələrində ən maraqlı yerlərdən biri də Bakıda Ənvər paşa ilə görüşməsidir: “Onunla qarşılaşdığım zaman mən əsgəri məktəbin tələbəsi idim. Bakıdakı böyük teatrda Qurani-Kərimin əleyhində bir çıxış oldu. Ənvər paşa bu toplantıda söz istədi və Qurani-Kərimi gözəl bir üslubla müdafiə etdi. Daha sonra mən bir neçə dostumla Ənvər paşanın yanına getdik. “Paşam, biz də türkük, bizə xatirə olaraq vizitkanızı verərsinizmi” deyə soruşduq. Bir kiçik kağız parçasına adını və ünvanını yazdı, bizə verdi. Onu uzun müddət saxlamışdım. Sonra itirdim”.

Görünür, bu hadisə Ənvər paşa Bakıda Şərq Xalqlarının Qurultayında olarkən yaşanıb.

Demokrat Partiyadan Ədalətə

Türkiyəyə qayıtdıqdan sonra Kinyas Kartal müxtəlif işlərdə çalışıb, daha sonra siyasi həyata atılıb. Siyasi fəaliyyətə Demokrat Partiyadan gəlib. Partiyanın Van şəhəri üzrə təmsilçisi olub. 1965, 1969, 1973, 1977-ci illərdə millət vəkili seçilib. 1960-cı il hərbi çevrilişində Sivasa sürgün edilib. Dörd il sonra Bursa həbsxanasına göndərilib, daha sonra məhkəmədə azad edilib. Yenidən siyasətə qatılan Kartal Demokrat Partiyanın davamı olan, Süleyman Dəmirəlin liderliyindəki Ədalət Partiyasına qoşulub. 1977-ci ildə Türkiyə Böyük Millət Məclisində ən yaşlı üzv olaraq keçici sədr olub. 1987-ci ildə Ankarada “İrəvandan Vana xatirələrim” adlı 22 səhifəlik kitabçası işıq üzü görüb. Bu qısa xatirələrdə yuxarıda bəhs etdiyimiz maraqlı bilgilər yer alıb.

O, 26 may 1991-ci ildə infarkt nəticəsində vəfat edib.

Çar Rusiyasında doğulan, Azərbaycan Cümhuriyyətində, Sovet İttifaqında, Osmanlı imperatorluğunda və nəhayət, Türkiyə Cümhuriyyətində yaşayan Kinyas Kartal haqqında Gönül Ebiri adlı tədqiqatçı elmi iş, Burhan Kartal isə kitab yazıb.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər