"Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşırıq və dəstəkləyirik".
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
XİN-dən verilən məlumata görə, nazir Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro energetika sahəsində əməkdaşlıq planlarını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov bu ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib. Nazir iki ölkə arasında yüksək səviyyəli mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirib.
Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını xüsusilə vurğulayıblar. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.