“Britaniyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ötən günlərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı keçirilən müzakirəyə diqqət çəkib:
“Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” – bunu Britaniyanın böyükləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı.
London İkinci Qarabağ Müharibəsində Fransa kimi mövqe sərgiləmədi. Ancaq nə baş verdi ki, London bu dəfə “əbədi maraqlar”ına tərs addım atdı?
Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi digərləri kimi Azərbaycana “yolun açılması”yla bağlı çağırışa qoşuldu. Halbuki Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş.
Azərbaycanın Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir.
Britaniyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq”.