“Zəlzələ Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətlərinə xüsusi təsir göstərməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen Vrtanesyan deyib.
“Nikol Paşinyanın son açıqlamasından belə nəticəyə gəlmək olar ki, Avropa Birliyinin müşahidə missiyası Rusiyanın Ermənistandakı hərbi qüvvələrini izləmək üçün bölgəyə gəlir. Həmçinin belə qənaətə gəlmək olar ki, həm də erməni qoşunlarının hərəkətlərini izləyəcəklər. Ən azından Paşinyanın çıxışından gəldiyim təəssürat belədir”, - ekspert bildirib.
Vrtanesyan Ermənistan baş nazirinin ölkəsini uçuruma apardığını iddia edib:
“Paşinyanın komandası açıq şəkildə Ermənistanı geosiyasi münaqişə teatrına çevirməyə çalışır. Bunda uğur qazanıb-qazanmayacaqlarını deyə bilmərəm, amma bunun nəticəsi erməni xalqı üçün fəlakətli olacaq”.
Bundan başqa, erməni ekspert şiddətli zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan Türkiyənin diqqətini Cənubi Qafqazdan ayırmayacağını da düşünür:
“Hesab edirəm ki, zəlzələ türklərin regiondakı fəaliyyətlərinə xüsusi təsir göstərməyəcək. Eləcə də Ermənistan və Qarabağ məsələlərinə münasibətinə... Eyni zamanda, Azərbaycanın özü də bütün resurslarla təmin olunub”.