“Azərbaycan zəlzələ nəticəsində Türkiyəyə yardım göndərən ölkələr arasında birinci olub”.
Teleqraf.com xəbər verir ki, bunu “Çelebi” Hava Xidmətinin baş direktoru Osman Yılmaz açıqlayıb.
Baş direktor qeyd edib ki, bölgəyə yardım aparan yerli və xarici yardım, eləcə də xilasetmə təyyarələrinə aviasiya xidmətləri pulsuz göstərilib: “Kahramanmaraş və Hatay mərkəzli zəlzələlərin baş verdiyi 6 fevraldan bəri xaricdən gələn yardım uçuşlarından xidmət haqqı tələb olunmayıb. Şirkət Türkiyədən və xaricdən mindən yuxarı yardım və xilasetmə təyyarəsinə, həmçinin 190 mindən çox sərnişinə xidmət göstərib. Bundan əlavə, şirkət 2 min tona yaxın yükün daşınmasına da dəstək verib. Zəlzələ bölgəsinə yardım uçuşlarını Nəqliyyat və İnfrastruktur Nazirliyi və Dövlət Hava Limanları İdarəsi (DHMİ) ilə koordinasiyalı olaraq təşkil etdik”.
Osman Yılmaz “Çələbi” Aviasiya olaraq zəlzələ bölgəsindəki Hatay, Kahramanmaraş, Malatya, Adana və Diyarbəkir hava limanlarında yer xidməti göstərdiklərini də xatırladıb: “Bu bölgələrə ən çox yardım uçuşları Azərbaycan tərəfindən edildi. Azərbaycan 15 səfərdə cəmi 286 ton yardım materialı göndərən ölkələr arasında birinci olub. Bu ölkəni 144 ton yardımla Özbəkistan və 120 tonla Birləşmiş Ərəb Əmirlikləri izlədi. Yunanıstan “Aegean” Hava Yolları isə bölgəyə 8 reyslə cəmi 37,5 ton yardım çatdırıb”.