Binəqədi rayonu 7-ci mikrorayon S.S. Axundov küçəsindəki ‘‘Union Park" Yaşayış Kompleksinin cənub korpusunun sakinləri Türkiyədə baş vermiş təbii fəlakətə biganə qalmadılar.
Bu barədə Teleqraf.com-a “Binəqədi 23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) ağsaqqallar şurasının sədri Natiq Babayev məlumat verib.
O bildirib ki, təşəbbüs həm yaşayış kompleksinin sakinləri, həm də “Binəqədi 23” MMMC-nin idarə heyəti və ağsaqqallar şurasının üzvləri tərəfindən gəlib: “Sakinlər mütəmadi “Binəqədi 23” MMMC-yə müraciət edərək Türkiyəyə göndərilən yardımlardan kənarda qalmaq istəmədiklərini bildirirdi. Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək barədə ümumi razılıq oldu. Təşəbbüs qəbul edildikdən sonra yaşayış kompleksinin sakinləri könüllü olaraq 2580 manat vəsait topladılar. Yığılan ianə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fondunun hesabına köçürüldü”.