7 Aprel 2023 23:02
22 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan hökumətinin Rusiya-Ukrayna müharibəsinə yanaşması Qərbdə suallar yaradır. Bu, hətta Tiflis və Kiyev arasında gərginlik də yaradıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Gürcüstan ətrafındakı geosiyasi duruma diqqət çəkib:

“Gürcüstan Baş naziri İrakli Qaribaşvilini Azərbaycana işgüzar səfəri əsasən, ona qarşı artan xarici təzyiqlərin fonunda baş verdi. ABŞ və Avropa Birliyi Gürcüstan hökumətinə qarşı sanksiyaları gündəmə gətirib. Artıq bir neçə hakimə qarşı sanksiyalar tətbiq edilib. Bundan sonra Gürcüstan xarici işlər naziri amerikalı həmkarı Blinkenə məktub göndərərək, sanksiyaların iki dost ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını bildirib.

Qərbdən Gürcüstana təzyiqlər ciddiləşir. Hətta hakimiyyət dəyişikliyinə səbəb ola biləcək yeni inqilabi dalğalanmanın baş verməsi də gündəmdədir. Gürcüstan rəsmiləri getdikcə Qərbdə “arzuolunmaz şəxslər”ə çevrilirlər. “Xarici agentlər haqqında qanun”un parlamentə təqdim edilməsi, ardınca geri götürülməsi Qərbdə “Gürcü Arzusu” hökumətinə qarşı mənfi fikir formalaşdırdı. Artıq bir çox qərbli siyasətçi və rəsmi Tiflisi Rusiyanın maraqlarına uyğun siyasət aparmaqda ittiham edir.

Xüsusən də Gürcüstan hökumətinin Rusiya-Ukrayna müharibəsinə yanaşması Qərbdə suallar yaradır. Bu, hətta Tiflis və Kiyev arasında gərginlik də yaradıb. Bu da Qərbdə onun haqda “Moskvanın tərəfdaşı” imicini formalaşdırır. Beləliklə, Gürcüstan yenidən Qərb və Rusiyanın nüfuz savaşı üçün meydana çevrilir”.

Məhəmməd Əsədullazadənin fikrincə, artan beynəlxalq təzyiqlər Gürcüstan üçün Azərbaycanın önəmini daha da artırır:

“Azərbaycanın regionda apardığı unikal siyasət, Qərblə Prezident İlham Əliyevin münasibətlərinin yüksək olması Qaribaşvilinin dövlətimizin ciddi dəstəyinə ehtiyacı olduğunu göstərir. Azərbaycan həmişə Gürcüstanın yanında olub, daim ona dəstəyini ifadə edib.

Qeyd edim ki, Gürcüstan Azərbaycanı və Ermənistan arasında gedən danışıqlarda platforma ola bilər. Bu məsələ zamanla gündəmə gətirilir. Bu kontekstdə Qaribaşvilinin Bakıya Nikol Paşinyanın xahişini gətirdiyi də istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər