Azərbaycan, Ermənistan və Avropa Birliyinin liderləri arasında iyulun 21-nə planlaşdırılan görüşün önə çəkilməsi erməniləri təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Erməni nəşrinin ehtimalına görə, üçtərəfli görüşün tarixi tərəflər arasında yekun anlaşma əldə olunduğu üçün dəyişdirilib.
“Əliyev-Paşinyan görüşünün birdən-birə ən azı bir həftə önə çəkilməsi qərarının verilməsi kifayət qədər maraqlıdır. Bu o deməkdir ki, ya tərəflər əsas razılaşmaları artıq əldə edib və indi sırf texniki məsələlərə aydınlıq gətirilməlidir, ya da nəsə baş verib ki, bu. onları bir az da sürətləndirib. Şarl Mişeli ayın 21-nə planlaşdırılan görüşü sürətləndirməyə nə vadar edə bilərdi? Birmənalı şəkildə cavab vermək çətindir”, - məlumatda deyilir.
“Past” bunun son günlərdə Rusiya-Türkiyə münasibətlərində başlayan soyuqlaşma ilə əlaqəli ola biləcəyini iddia edir. Nəşrin fikrincə, bu, böyük sülh sazişinin imzalanması prosesini sürətləndirə bilər. Mənbə onu da iddia edir ki, sülh sazişinin imzalaması müqabilində Nikol Paşinyana bəzi xarici təminatların verilməsi mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.