“Ermənilər BMT Təhlükəsizlik Şurasının toplantısından əvvəl Azərbaycana qarşı dezinformasiya yaymaqla məşğuldurlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert ermənilərin Avropa İttifaqının Ermənistandakı mülki missiyasını da dezinformasiya kampaniyalarına cəlb etmək istədiklərini bildirib:
“Dünən günorta saatlarında Avropa İttifaqı müşahidəçilərinin olduğu istiqamətdə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin təxribatçı dezinformasiyası elə Avropa İttifaqının missiyası tərəfindən təkzib olundu. Avropa İttifaqının missiyasının Tvitter hesabında bildirildi ki, müşahidə missiyasının nümayəndələrini heç kim atəşə tutmayıb. Məlumatda qeyd edildi ki, sərhəddə missiya nümayəndələrinin atəşə tutulması ilə bağlı erməni tərəfinin iddiaları həqiqətəuyğun deyil.
Yəni bizim həmişə dediyimiz kimi, dezinformasiya yaymaqla məşğuldurlar.
Dünən axşam saatlarında isə sosial şəbəkələrdə Avropa İttifaqının müşahidə missiyası adından videorolik yayıldı. Orada nəmalum şəxs müşahidə üzvlərinin adından danışır ki, müşahidəçilər atəşə tutulub, amma heç kim xəsarət almayıb. Amma danışan şəxs hadisənin harada baş verdiyi və atəşin hansı tərəfdən açıldığını söyləmir.
Videoda müşahidəçilərin erməni səngərində olduğu zaman atəşə tutulması, “sübut” kimi də səngərin divarında “iki güllənin izləri” göstərilir. Bəlli məsələdir ki, BMT Təhlükəsizlik Şurasında müzakirə öncəsi “dramı” bir az da şişirtmək üçün mülki missiyaya erməni dezinformasiyasını pozmağa imkan vermək istəmirlər. Bu halda belə, Avropa İttifaqının “mülki missiyası”sının erməni səngərində nə işi var?”.