17 Avqust 2023 13:39
3 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan məğlubiyyət ardınca məğlubiyyət yaşayır. Otuz il günahkar və işğalçı olsa da, heç kəs heç nə demirdi. İndi ümid etdiyi BMT-nin qətnamələrini belə kağız parçası kimi dəyərləndirib, bir sözünə belə əməl etmədi. Dünya isə bu ədalətsizliyə illərlə göz yumdu, susdu. Azərbaycanın haqq səsini eşidən olmadı”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, vaxtilə Ermənistanın işğalçı siyasətinə göz yumanlar, bundan riqqətə gələnlər bu dəfə onun yalançı hay-küyünə susdular:

“Otuz il kağız parçasına çevrilən BMT qətnamələrini Azərbaycan özü icra etmək məcburiyyətində qaldı. Otuz ildən sonra o qətnamələri təkbaşına 44 günə icra etdi, torpaqlarımız işğaldan azad olundu.

Bu gün güclü bizik. Ermənistandan fərqli olaraq həm haqlıyıq, həm də güclüyük. Ermənistan yalançı hay-küylə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasına nail oldu, amma növbəti diplomatik məğlubiyyətini yaşadı. Ermənistanla birgə onun müttəfiqlərinin, belə desək, “bacı-qardaşlar”ının da xain və Azərbaycana qarşı məkrli niyyətləri ürəklərində qaldı, çiçəkləri gül açmadı. “İsti avqust günəşi” onları anındaca soldurdu.

Azərbaycan BMT-də öz haqlı mövqeyini qorudu, müdafiə etdi və qalib gəldi. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev Ermənistanın saxta iddialarına tutarlı cavab verdi və düşmənin, əslində düşmənlərin mövqeyinə sarsıdıcı zərbə vurdu. “Humanitar məsələ” kimi sırımaq istədikləri suverenlik və ərazi bütövlüyünə qəsd olan arqumentlər darmadağın edildi. Bu, Azərbaycan diplomatiyasının qələbəsidir. Davamı gəlsin və gələcək”.

Rəfail Becanovun fikrincə, bu uğur sübut etdi ki, Azərbaycanın otuz il işğala müqaviməti və zəfərdən sonrakı üç il boşuna getməyib:

“Bu illər ərzində Azərbaycan diplomatiyası uğurlu işləyib, ən kçik detallara qədər belə hesablanıb. Prezident İlham Əliyev Ali Baş Komandan olaraq müharibə meydanında olduğu kimi, diplomatiyada da qazanılacaq qələbə formulunu dəqiqliklə düşünüb.

Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi siyasi və diplomatik qələbələrimizin ana xətlərindən biridir. Azərbaycan artıq dünya siyasəti müəyyənləşdirilərkən, gərəkəndə “yol xəritəsi” təqdim edən ölkələrdən biridir. Diplomatiya və diplomatik qələbə belə olur. Müharibədən sonrakı qələbə budur.

Reallıq var: dünya güclə hesablaşır. Otuz il gücsüz olduq, ədalətli mövqeyimizi müdafiə edən olmadı. İndi güclüyük, ona görə də kimsə haqqımıza girməyə cürət etmir, haqlı mövqeyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə qəsd etməkdən çəkinir. Hər zaman güclü olmalıyıq.

Xankəndi və ətrafında baş verənlər Azərbaycanın daxili işidir. Qarabağdakı ermənilərin yolu var. Azərbaycanın daxilindəki yol-nəqliyyat infrastrukturu onların üzünə açıqdır. Yalançı informasiya, “böhran”, “fəlakət” deyimləri daha keçmir. BMT-nin dünən nəticəsiz başa çatan iclası bunu bir daha sübut etdi.

Ermənistanın da, Qarabağda yaşayan ermənilərin də bir çıxış yolu var: Azərbaycanla sülh müqaviləsi imzalamaq və qonşuluq prinsipləri ilə yaşamaq, Azərbaycanın qanunlarına tabe olmaq, o qanunlarla yaşamaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər