5 Sentyabr 2023 18:29
5 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bəyan edilmişdi ki, görüşdə Cənubi Qafqaz da müzakirə olunacaq. Bu fonda düşünürəm ki, Ərdoğan dünən Putindən Azərbaycanın xeyrinə hansısa güzəştlərin alınması üçün faydalı görüş keçirib. Tam detallar açıqlanmasa da bilirik ki, belə görüşlərdə mütləq Azərbaycan müzakirə olunur.

Bunu Teleqraf.com-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

"Önəmli olan odur ki, Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın maraqları necə təmin olunur, Qafqazda və Azərbaycanda Rusiyanın davranışları, Qarabağ məsələsinə yanaşması və digər bu kimi məsələlərə Rusiyanın mövqeyi necə olacaq. Putinin Ərdoğanla münasibəti, Rusiyanın hazırkı vəziyyətində Türkiyədən asılılığı, dünya ilə əlaqələri baxımından Türkiyə Rusiya üçün çox önəmli ölkədir. Mümkündür ki, Rusiya Azərbaycan məsələsində əvvəlkindən daha yumşaq mövqe tutsun. Bu aspektdən Ərdoğan-Putin görünü önəmli idi. Ümumi maraqlarımız odur ki, Rusiya beş il sonra rus sülhməramlılarını ölkədən çıxararkən problem yaratmasın, eyni zamanda Rusiya separatçıların fəaliyyətini müdafiə etməsin və onlara şərait yaratmasın. Eləcə də Ermənistanın aqressiv davranışlarının qarşısını alan Azərbaycana qarşı mövqe almasın", - o bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədlərində kifayət qədər gərginlik var: "Ermənilər bir çox halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxayın olaraq hələ müəyyən olunmayan sərhədləri pozur. Nəsə olan kimi KTMT-yə müraciət edir ki, siz bizi qorumalısınız. Dolayısı yolla Rusiyanı konfliktin içinə çəkmək istəyir. Bu görüşlər həm də Rusiyanın bu istiqamətdəki fəaliyyətini məhdudlaşdırmaq üçün önəmlidir. Son 300 ildə regionda əsas problemləri yaradan ölkə Ermənistandan daha çox Rusiyadır. Bu görüşün baş tutması Türkiyənin uğuru, Ərdoğanın istədiyini alması deməkdir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər