“Dünyada heç kim Qarabağda keçirilən qondarma seçkiləri tanımır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Avetik İşxanyan deyib.
Onun sözlərinə görə, ötən dəfəkilərdən fərqli olaraq, bu dəfə məsələyə münasibət bildirən bütün ölkələr qondarma seçkiləri pisləyib:
“Bəllidir ki, 2020-ci ildən (44 günlük müharibədən), xüsusən də 2022-ci ildən sonra yeni vəziyyət yaranıb. İndi hətta bizə rəğbət bəsləyən ölkələr üçün də müsbət fikir bildirmək çətindir.
NATO və Avropa Birliyi - Qərb “seçkilər”i pisləyib. Hətta Almaniya Kansleri Olaf Şolz da dözə bilmədi, “seçkilər”i qınadı. Qeyd edim ki, Almaniya həmişə Türkiyənin - müttəfiqinin yanında olub”.
İşxanyan Almaniyanın prosesdə Azərbaycanı dəstəklədiyini də söyləyib. Onun iddiasına görə, Bakı Almaniyadan Ermənistanı dəstəkləyən Fransaya qarşı tarazlaşdırıcı güc kimi istifadə edir.
“Yeri gəlmişkən, Fransa buna heç bir qiymət vermədi. “Seçkilər” Türkiyə, Özbəkistan, Qırğızıstan tərəfindən kəskin şəkildə pisləndi. Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqi kimi başa düşüləndir. Özbəkistan hər zaman azərbaycanpərəst mövqe sərgiləyib, o həm də Türkiyənin dominant olduğu Türk Dövlətləri Təşkilatının üzvüdür. Qırğızıstan isə həm Türk Dövlətləri Təşkilatı, həm də KTMT-də təmsil olunur”, - İşxanyan vurğulayıb.
Erməni ekspert əlavə edib ki, qondarma seçkiləri pisləyənlər marafonuna Gürcüstan, Moldova və Ukrayna da qoşulub. O, xüsusilə Ukraynanın sərt mövqeyinə diqqət çəkib.
“Gürcüstanın mövqeyi anlaşılandır, çünki onun Abxaziya və Cənubi Osetiya məsələləri, Azərbaycan və Türkiyə ilə müttəfiqlik münasibətləri var. Moldova aşkar anti-Rusiya siyasəti aparır. Ukraynaya gəlincə, həmişə Azərbaycanın müttəfiqi olub”, - ekspert əlavə edib.
İrana gəlincə, İşxanyan qeyd edib ki, Tehran qondarma seçkiləri tənqid etməsə də, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb: “Çin və Hindistan reaksiya vermədi, Rusiya susdu”.
Onun sözlərinə görə, Qarabağ separatçılarının yeni başçısını Cənubi Osetiya və Dnestryanıdakı özü kimilər təbrik edib, buna da fikir verən olmayıb. İşxanyan Ermənistanın da qondarma seçkiləri tanımadığını iddia edir.