“Paşinyan İtalyanın “Respublika” qəzetinə müsahibəsində Rusiya ilə münasibətləri “strateji səhv” adlandırdı. Amma bu səhvlərin nədən ibarət olduğuna aydınlıq gətirmədi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, söhbət Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı məsələlərdən gedir:
“Paşinyan müxalifətdə olarkən Ermənistanın bu təşkilatlardan çıxmasını müdafiə edirdi. İndi hakimiyyətdə olan Paşinyanı buna yönəldən qüvvələrin olduğu birmənalıdır. Bu qüvvələr Qərbdədir. Paşinyanı hakimiyyətə gətirən Rotşildlərdir. Eləcə də Sorosun ona dəstək verdiyi heç kimə sirr deyil. Paşinyan fərqinə varmalıdır ki, bəyanatları Ermənistan yox, onun hakimiyyəti üçün çox ciddi fəsadlar, problemlər yarada bilər Rusiya Prezidenti Putin Şərq İqtisadi Forumundakı çıxışında bunu açıq şəkildə bəyan etdi.
İndi Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatı aparması üçün olduqca münasib şərait yaranıb. Bu şəraitin münasibliyi həm də ondan irəli gəlir ki, Qərb coğrafi baxımdan Ermənistan və bölgədən çox uzaqdır. Qərbin burada hadisələrə hərbi kontekstə təsir imkanları demək olar ki, yoxdur. Qərbin əsas başağrısı, problemi Ukrayna və Rusiya arasında yaşanan qarşıdurmadır. Qərb bu savaşda Ukraynanın məğlub olmasını, buna yol vermək istəmir”.
Elşən Manafov hesab edir ki, Ukraynanın əks-hücum əməliyyatının Qərbin gözləntilərini doğrultmadığı göz önündədir:
“İşlərin belə gedərsə, Ukrayna indiki imkanları ilə qışda rus ordusunun əməliyyatlarının qarşısını almaqda ciddi problemlərlə üzləşə bilər. Bu durumda Paşinyan hakimiyyəti Rusiyanın dəstəyindən məhrum olacaqsa, bu, həm Ermənistanın özü üçün, həm də ərazi bütövlüyümüzün bərpası üçün olduqca əlverişli şərait yaradacaq. Paşinyanın səhvləri Azərbaycanın xeyrinə işləyir”.