18 Sentyabr 2023 20:09
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəyiblər və təkcə şahmat şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.

“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyir və yazırdı ki, guya əlinə silah alıb müharibəyə getməyə hazırdır. Təbii ki, Azərbaycana qarşı döyüşmək üçün. Amma riyazi təfəkkürə malik olan Aronyan, görəsən, bu bəyanatı ilə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə töhfə verdiyini düşünürdümü?”, - T.Rəcəbov yazıb.

Onun sözlərinə görə, şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.

“Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərlənib. Lakin ötən əsrin 90-cı illərində erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ilə bağlı ideyaları qonşularımızın, eləcə də Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının şüuruna hopub.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra - Azərbaycan Silahlı Qüvvələrinın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan 7 rayonu işğaldan azad edərək Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə isə Levon Aronyan susmuşdu”, - azərbaycanlı şahmatçı qeyd edib.

“Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri, bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susurdu. Aronyan erməni işğalçıları tərəfindən Yer üzündən silinən, Qafqazın Hirosiması – Ağdam barədə də, dağıdılan və ya tövlələrə çevrilən məscidlər və ibadət evləri barədə də, vəhşicəsinə işgəncələrə məruz qalan və qətlə yetirilən on minlərlə azərbaycanlı barədə də, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə yaşatdığı misilsiz iztirablar barədə də heç nə demirdi. O, inadla susurdu. İndi isə yenə danışmağa başlayıb”, - deyə T.Rəcəbov qeyd edib və L.Aronyanın “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini xatırladıb.

“Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işləyərkən, hər iki istiqamətdə hərəkət edən yüklərin görüntüləri hamıya əlyetən olarkən hansı “blokada”dan danışmaq olar?! Məhz Azərbaycanın səyi ilə hər iki yol - Ağdam-Xankəndi və Laçın- Xankəndi yolları işləməyə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, həm dünya ictimaiyyəti, həm də bu yaxınlarda Ermənistanın özü tərəfindən tanınıb. Və orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Azərbaycan dövlətinin təklif etdiyi ərzaq məhsullarını qəbul etməlidirlər, daha Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar”, - T.Rəcəbov vurğulayıb.

“Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, qrossmeysterlər söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”, - azərbaycanlı şahmatçı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər