Prezident İlham Əliyev xalqa müraciətində lokal antiterror tədbirləri nəticəsində xunta rejiminin ləğv edildiyini, Qarabağ ermənilərinin azad nəfəs aldıqlarını, separatçıların girovluğundan qurtulduğu reallığı fonunda reinteqrasiya məsələlərinin ön plana keçdiyini vurğuladı. Qeyd etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycanın bütün vətəndaşlarının malik olduqları eyni hüquq və öhdəliklərə malik olacaqlar.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, reinteqrasiya məsələlərini həll etmək üçün bir neçə dəfə təşəbbüslə çıxış etdiyimizi xatırladıb:
"Bu il martın 1-də belə bir görüş baş tutdu. Azərbaycan tərəfi ilə erməni icması nümayəndələri arasında görüş keçirildi. İndi artıq fərqli bir mənzərə yaranıb. Daha xunta rejimi yoxdur. Qarabağdakı erməni sakinləri, onların nümayəndələri rahat şəkildə Azərbaycan hakimiyyəti ilə danışıqlara gedə bilərlər. Söhbət reinteqrasiya məsələlərindən gedir. Yevlax şəhərində baş tutan görüşdə reinteqrasiya və bu fonda Qarabağda yaşayan ermənilərin təhsil, mədəniyyət, din və seçkilər ilə bağlı məsələlər müzakirə edildi. Onlar bilməlidir ki, sözümüz imzamız qədər gücə malikdir. Bütün hüquqlarla təmin ediləcəklər, bu birmənalıdır. Qafqazda yeni şərait yaranır, şeytan, ilan, zəhər yuvası artıq tarixin arxivində qalır".
Deputat qeyd edib ki, belə vəziyyətdə rahat nəfəs alan və separatçıların girovluğundan azad olunan Qarabağ ermənilərinin seçim etmə imkanı çox rahatlaşır:
"Onları vətəndaşlarımız kimi qəbul edirik. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər Ermənistan və ya başqa ölkəyə gedə bilərlər. Bu, onların seçimidir. Amma kimlər ki qalacaqlar, qanunlarımıza tabe olub, Azərbaycan cəmiyyətinə reinteqrasiya olacaqlar, cəmiyyətimizin mühüm və tərkib hissəsinə çevriləcəklər".