26 Sentyabr 2023 12:05
4 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında İspaniyada keçiriləcək görüşdə sülh istiqamətində ciddi irəliləyiş əldə oluna bilər. Əgər Ermənistan konstruktiv davransa, bu mümkün ola bilər. İndiyə qədər Ermənistan tərəfindən sülh danışıqları zamanı ortaya bir məsələ atılmışdı. Qarabağ ermənilərinin "hüquq və təhlükəsizlikləri", o cümlədən, onların Azərbaycanın tərkibində yaşaması üçün müəyyən bir "status və "beynəlxalq mexanizmlər" yaradılması kimi fikirlər səsləndirilirdi. Bu da sülh prosesinə kifayət qədər ciddi təsir edirdi.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsini özünün daxili məsələsi hesab edir:

"Qarabağda yaşayan vətəndaşların hüquq və təhlükəsizlikləri ilə bağlı bütün öhdəlikləri Azərbaycan Konstitusiyasına uyğun olaraq yerinə yetirəcəyini bildirir. Bunun bariz örnəyi Azərbaycan Prezidentinin xalqa müraciətində bir daha təsdiq olundu. Ölkə başçısı həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilərə müraciət edərək keçmişdə olmuş bütün məsələlərin qapadılması və tarixin yeni səhifəsini açmaqla bağlı təklif etdi. Eləcə də Qarabağ ermənilərinə bildirdi ki, onlar bundan sonra indiyə qədər yaşadıqlarından daha gözəl həyat yaşaya bilər. Bununla bağlı Azərbaycan dövləti üzərinə düşən bütün hər şeyi edəcək".

Siyasi ekspert qeyd edib ki, Azərbaycanın mövqeyi bu istiqamətdə bəlli və dəyişməzdir:

"Ermənistan artıq Qarabağda yaşayan ermənilərin Azərbaycanın daxili məsələsi hesab edərək bu mövzunu yenidən gündəmə gətirməsə, əlbəttə sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım atıla bilər. Əslində Paşinyan 44 günlük Vətən müharibəsinin sonunda mümkün qədər çalışırdı ki, Qarabağ ermənilərinin məsələsini Rusiyanın üzərinə atsın, Ermənistanı nisbətən kənara çəksin. Paşinyanın bu istiqamətdə müəyyən açıqlamalarına şahidlik etmişik. Amma təbii ki, Rusiya tərəfi də deyir ki, Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir. Onların məsələsi həm beynəlxalq hüquq, həm də Azərbaycan Konstitusiyasının çərçivəsində öz həllini tapacaq. Bu baxımdan Paşinyanın bu məsələdə son dövrlər özünü nisbətən kənarda saxlaması müsbət hal kimi qiymətləndirilə bilər. Nikol Paşinyan doğrudan da bu məsələdə Ermənistanın kənara çəkildiyini göstərsə və bu məsələni gündəmə gətirməsə, düşünürəm ki, artıq sülh üçün müəyyən imkanlar yaranıb. Bu halda proses irəliləyə bilər. Nəzəri baxımdan Paşinyan bölgədə sülhün əldə olunmasında, Qərbin rolunun artmasında maraqlıdır. Qranada görüşü ərəfəsində belə bir imkan Ermənistanın əlinə düşüb. Qaranadada Azərbaycan və Ermənistan liderləri ilə bərabər Avropa İttifaqının sədri, o cümlədən Fransa Prezidenti və Almaniya kansleri iştirak edəcək. O baxımdan Paşinyan bunda maraqlı ola bilər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər