ABŞ Azərbaycan və Ermənistanı qalan məsələləri müzakirə etmək və yekunda qərara gəlmək üçün sülh danışıqlarına qayıtmağa çağırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
Qarabağdakı vəziyyətdən danışan Metyu Miller qeyd edib ki, ABŞ BMT missiyasının regiona səfərini alqışlayır.
O qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarının qorunacağına zəmanət verir.
"Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Bir daha müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların haqların və təhlükəsizliyinin təmin olacağını bildirib və biz bunu müşahidə etmək üçün missiyanın da orda olmasını istəyirik", - deyə Miller bildirib.
Dövlət Departamentinin rəsmisi BMT missiyasını təqdir edib:
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla uzunmüddətli missiya və bunun necə işləyə biləcəyini müzakirə edirik. Ümid edirik ki, Ermənistana getmiş Qarabağ ermənilərinin geri qayıdarkən hüquqlarına hörmət ediləcək. Biz həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik".
Xatırladaq ki, BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
BMT missiyası bu gün yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” iddialarını təkzib edib:
"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır".