Tarixi gün yaşayırıq, Azərbaycanda qonaqpərvərliklə qarşılandıq. Şimali Kiprin nazirləri, mədəniyyət nümayəndələri, ziyalılardan ibarət 200 nəfərlik heyətlə Bakıdayıq. Azərbaycan xalqına Şimali Kiprdən gətirdiyimiz məhəbbət, ehtiramı çatdırmaq istəyirəm. Cənab Prezident İlham Əliyev bu gün məni qəbul etdi, bir daha dəstəyini ifadə etdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar jurnalistlərlə görüşündə deyib:
"Azərbaycanla bənzər tarixi taleyə malikik, cənab İlham Əliyevlə görüşdə "Tək millət, üç dövlət" ifadəsini dilə gətirdim, o da dəstəklədi. Turizm, təhsil, mədəni sahələrdə əlaqələrin daha da güclənməsi üçün layihələr həyata keçirəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunduq və düşünürük ki, digər türk dövlətlərin də dəstəyi davam etməlidir. Türk dövlətləri arasında siyasi, ticarət, iqtisadi əlaqələr nə qədər güclü olarsa, o qədər yaxşıdır".
Ersin Tatarın sözlərinə görə, Şimali Kiprdə 44 günlük Qarabağ mübarizəsini böyük rəğbətlə izlənilib:
"Həmin günlərdə ürəyimiz sizinlə bir yerdə idi, Şimali Kipr xalqının duaları sizinlə idi. Qarabağın Azərbaycanın bir parçası olduğu bütün dünyaya bir daha aydın oldu. Sizin zəfəriniz bizim də zəfərimiz idi. Bu yaxınlarda keçirilən antiterror tədbirləri ilə heç bir mülki vətəndaşa zərər dəymədən Azərbaycanın Konstitusiya quruluşu təmin olundu. Biz də böyük məmnuniyyətlə izlədik. Biz də Lozanna anlaşmasına qədər çox böyük mübarizə aparmışıq. Bizi biz anlayırıq, tarixi həqiqətlər, tale oxşarlığı, könül bağları bizi daha da yaxınlaşdırır. Bizim kiminsə haqqında gözümüz yoxdur, yetər ki, bizim haqqımız kimsə tərəfindən qəsb olunmasın".