16 Yanvar 2015 16:00
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycan 7 ölkədə, 9 ölkə isə Azərbaycanda diplomatik nümayəndəlik təsis edib.

Teleqraf.com Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin 2014-cü ilin yekunlarına dair mətbuat xülasəsində qeyd edilir. 2014-cü ildə Azərbaycanın Meksikadakı səfirliyinin Kolumbiyada ofisi, Argentina səfirliyinin Uruqvay Şərq Respublikasında və Çilidə ofisləri, həmçinin, Maltada fəxri konsulluğu və Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu fəaliyyətə başlayıb.

2014-ci ildə Azərbaycanın Efiopiya Federal Demokratik Respublikası və Afrika İttifaqı yanında nümayəndəliyi açılıb.

Prezident İlham Əliyev Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Ötən ildən Azərbaycanda Kolumbiya, Malayziya, İsveç Krallığı, Meksika Birləşmiş Ştatları, Xorvatiya, İspaniya Krallığı və Estoniya Respublikası səfirliyinin ofisləri, Sloveniya və Makedoniya Respublikalarının isə fəxri konsulluqları fəaliyyət göstərməyə başlayıb.

Tədbirdə həmçinin qeyd edilib ki, xarici siyasətin prioritet istiqamətlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, müstəqilliyi və suverenliyinə qarşı xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, maddi-mədəni irsimizin təşviqi və humanitar diplomatiya, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsi, diaspora ilə əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa töhfə verilməsi təşkil edib.
Milli maraqlar, beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq, bərabərhüquqlu münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında Azərbaycanın müstəqil xarici siyasət yürüdülüb.

Ötən il beynəlxalq münasibətlər ziddiyyət və gərginliyin artması, hərbi-siyasi bloklara parçalanmanın dərinləşməsi kimi meyllərlə xarakterizə olunub. Azərbaycanın sərhədləri yaxınlığında yeni gərginlik, qeyri-sabitlik və münaqişə ocaqları yaranıb. Bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı əlaqələndirilmiş formada qarayaxma kampaniyası aparılıb.

Bütün bunlara baxmayaraq, ölkəmizin müstəqil xarici siyasəti uğurla həyata keçirilib.
2014-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və ilk dəfə olaraq Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşləri keçirilib. İlk dəfə olaraq, Azərbaycan-Gürcüstan-Türkiyə prezidentlərinin üçtərəfli baş tutub.
2014-cü ildə Azərbaycanın enerji siyasətində ən əlamətdar hadisə Cənub Qaz dəhlizi layihəsinin təməl qoyma mərasimininkeçirilməsi olub.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar davam etdirilib.

Ermənistan və Azərbaycan Prezidentlərinin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçi, ABŞ dövlət katibi ConKerrinin təşəbbüsü və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin iştirakı ilə 4 sentyabr tarixində Uels və Fransa Prezidenti FransuaOllandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərində münaqişənin həllinə dair müsbət meyllər müşahidə olunub. Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. 4 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırıb. Azərbaycan dəfələrlə bu prosesə hazır olduğunu bəyan edib və bunun münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün mühüm addım olacağını bildirib.

Münaqişənin həlli istiqamətində müsbət meyllərin olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik olmayıb. Ermənistan danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini intensiv şəkildə pozub, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlərin keçirib, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini atəşə tutub, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin və maddi-mədəni irsinin dəyişdirilməsi kimi təxribatçı əməllərini davam etdirib.

Samir


Müəllif: