“Avropa Birliyinin vasitəçiliyi üçün qapılar bağlana bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsselə planlaşdırılan görüşü baş tutmayacaq:
“Avropa Parlamentinin anti-Azərbaycan qərarları, Avropa Birliyi rəsmilərinin suverenliyimiz əleyhinə açıqlamaları bu formatın obyektivliyinə şübhə yaratmışdı. Üstəgəl, Qarabağdan gedən ermənilərin qaytarılması kimi məsələləri masaya daşımaq istəyirlər, aşkar formada daxili işlərimizə qarışırlar. Bürün bu pozucu fəaliyyətlər gözlənilən görüşün üstündən xətt çəkdi.
Paşinyan isə bu gün Tiflisdə Azərbaycanın ərazi bütövlüyünü əks etdirən xəritə təqdim etdi, sülhdən və nəqliyyat xətlərinin açılmasından danışdı, amma həm də sülh prosesini poza biləcək iddialar irəli sürdü. Ermənistan baş naziri sülh prosesini tormozlayan Avropa Birliyi ilə eyni xətdə gedir.
Qranadadan sonra Brüssel görüşünün baş tutması o ehtimalı gücləndirir ki, Avropa Birliyinin vasitəçiliyi üçün qapılar bağlana bilər. Ermənistanı sülh prosesindən yayındıran Avropa Birliyidir. Əlbəttə, Ermənistan sülh istəsəydi, buna getməzdi, Fransa ilə hərbi anlaşma imzalamazdı və sair Avropa Birliyinin mövqeyinə gəlincə, bu, Parisin təzyiqləri ilə dəyişib”.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, AB əvvəlki kursundan yayınaraq, konkret məsələlərlə yox, erməni iddiaları ilə yola davam etmək istəyir:
“Bakı buna imkan verməyəcək. Artıq Azərbaycan üçün məqabul olan budur ki, danışıqlarda üçüncü tərəf olmayacaq. Ən doğru yol budur. Çünki üçüncü tərəf üçüncü maraq deməkdir. Üçüncü maraq isə həmişə prosesi fərqi istiqamətə çevir, buna görə də, Azərbaycanın belə bir mənasız danışıqlarına ayırmağa vaxtı yoxdur.
Ermənistan nəticəyə hesablanmış danışıqlarda maraqlıdırsa, Tiflisə gəlsin. Prezident İlham Əliyev artıq bu təklifi verib. Paşinyan son sözünü deməlidir”.