6 Dekabr 2023 19:00
8 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Son dönəmlər belə fikirlər yayılır ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın əngəlləyici addımları İrandan qaynaqlanır. Sizcə bu prosesə mane olan tərəf İrandır, yoxsa?

- Əlbəttə ki, İran Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhlizin öz üzərindən keçməsini istəyir. Çünki Türk dünyasının arasında özünün əngəl olması bu dəhlizin İranın nəzarəti altında olması anlamına gəlir. Ancaq İran yeganə əngəlləyici amil deyil. Burada Qərbin də xidmətləri var. Amma ABŞ Zəngəzur dəhlizinin açılmasının tərəfdarı kimi çıxış etsə də, bu dəhlizdə Rusiyanın yox, Ermənistan vasitəsilə - dolayısı ilə özünün nəzarət etməsini istəyir. Bu da ABŞ-ın geosiyasi maraqları çərçivəsindədir. Ayrıca ABŞ bu məsələdən həm də digər dövlətlərə müəyyən məhdudiyyətlər yaratmağa çalışır. Məsələn, orta dəhlizin Çindən yox, məhz Mərkəzi Asiyadan, Qazaxıstandan başlamasını istəyir. Dolayı yolla Çinin bir kəmər, bir yol layihəsinin üstündən xətt çəkməklə onları bu dəhlizdən kənarda saxlamaq istəyir. Paralel olaraq Zəngəzur dəhlizinə öz nəzarətini təmin etməklə dolayısı ilə İranı həm də Rusiyanı oyundan kənar vəziyyətə salır. Ermənistan nə qədər də yeni dəhlizin açılmasında maraqlı olduğunu bildirsə də, fakt ondan ibarətdir ki, bununla bağlı hələ "daş üstə daş qoymayıb". Ona görə də ən azından yaxın zaman çərçivəsində, hətta bu gün də siyasi qərarlar verilsə belə, bu proseslə bağlı müsbət gedişlər gözlənilmir.

- İranın Azərbaycandakı səfiri deyir ki, Zəngəzur dəhlizi açılmayacaq. Bunu nəyə, hansı fakta əsaslanaraq deyə bilir? Yoxsa bunu deməkdə məqsəd başqadır?

- Hazırda Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə məsələsindən çıxıb, artıq Rusiya və Qərb qarşıdurması səviyyəsində ölçülür. Bu orta dəhlizə kimin nəzarət etməsi uğrunda ciddi geosiyasi rəqabəti görürük. Belə bir vəziyyətdə Azərbaycan strateji qərar verməklə, çarpaz qlobal güclər arasında atəş hədəfi olmaqdan özünü çıxardı, ən əsası bölgəni. Çünki Azərbaycan belə bir vəziyyətdə hansısa güc mərkəzindən yana qərar vermək məcburiyyətində qalırdı ki, bu da avtomatik olaraq Azərbaycanı hədəfə çevirirdi. Bu baxımdan İran düşünür ki, Azərbaycanla bu məsələdə anlaşma var. İran üzərindən dəhliz açılarsa, artıq Zəngəzur dəhlizinə ehtiyac qalmayacaq. Ancaq düşünürəm ki, həmin açıqlaması tələsik edilib, hələ bilmək olmaz. ABŞ, bütövlükdə Qərb istədiyi təqdirdə, Ermənistan da razı olarsa Azərbaycan və Türkiyə buna qarşı çıxmayacaq. Çünki bu cür yolun mövcudluğu Azərbaycanın mövqelərini daha gücləndirəcək. İran dayanıqlı etimad olunacaq bir ölkə deyil. Paralel olaraq Ermənistan da belə bir ölkədir. Ona görə də alternativlərin olması bütün hallarda Azərbaycan və Türkiyənin geosiyasi maraqlarına xidmət edir. Perspektivdə Zəngəzur dəhlizinin açılması real ola bilər.

- ABŞ və qərb ölkələrində Zəngəzur dəhlizi məsələsi açıq formada qeyd olunur. Qərb b dəhlizin nəzarətinin Ermənistanda olamasını istəyir. Eyni zamanda Rusiya da istəyir özü nəzarət etsin. Bu maraq toqquşması hansı gəlişmələrə yol aça bilər? Kimin şansı daha yüksəkdir?

- Nəzərə alsaq ki, Ermənistan Qərbə inteqrasiya siyasətinə üstünlük verir. Bu kontekstdə tədricən Rusiyanın orbitindən uzaqlaşmağa çalışır. Dəhliz açıldığı təqdirdə bu, Ermənistan vasitəçiliyi ilə Qərbin nəzarətində olacaq. Ancaq ona kimi Ermənistan hökuməti dayanıqlı olaraq Rusiyanın təhlükəsindən özünü qoruya biləcəksə və yaxud bütövlükdə Qərb dünyası Ermənistanı Rusiyanın təhlükəsindən qoruya biləcəksə, Zəngəzur dəhlizinin perspektivi Qərbdən yana kimi görünür.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər