Dərələyəz istiqamətindəki strateji yüksəkliklərin ələ keçirilməsi Ermənistan üçün həyati əhəmiyyət daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Fransanın təhriki ilə Cermux (Dərələyəz) istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti ələ keçirmək istəsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq.
Birincisi, Azərbaycan ordusu həmin yüksəklikləri saxlamaq üçün qarşı tərəfə dağıdıcı zərbələr endirəcək, pilotsuz uçan aparatlar yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac olmayacaq, çünki bu halda ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq:
“Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə “ərazilərini geri qaytarmağa” çalışıblar. Bu dezinformasiya Ermənistan və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər.
Strateji yüksəkliklərin ələ keçirilməsi Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərləri, hava limanları və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəkliklərdən çəkilməyəcək. Baş nazir Nikol Paşinyan həm də buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana verilməsini təmin etməyəcək.
Ancaq Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri ələ keçirmək avantürası ona və ölkəsinə baha başa gələcək, Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək”.