29 Yanvar 2015 16:29
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Aşqabadda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.

Teleqraf.com XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparılıb.


Görüş zamanı çıxış edən nazir E.Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb.

Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan nazir E.Məmmədyarov bunun Azərbaycan, Türkmənistan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib.

Görüşün sonunda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair birgə bəyanat imzalanib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər