15 Aprel 13:15
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı verdiyi göstəriş erməniləri təlaşlandırıb.

Teleqraf.com xəbər verir ki, yüz illik yalanlarının üzə çıxacağından ehtiyatlanan ermənilər Ermənistanın arxivlərində bu barədə yetərincə məlumat və materialların olmadığını etiraf edirlər.

Belə etiraflardan birini dilə gətirənlərdən biri də politoloq Akop Badalyandır.

Araşdırmanı “çətin iş” adlandıran Akopyan arxivlərdə bununla bağlı kifayət qədər materialın olmadığını onunla “əsaslandırır” ki, olaylarla bağlı lazımi faktlar digər ölkələrin arxivlərindədir:

“Hər kəs təsəvvür edir ki, yüz ildən artıq müddətdə bir çox obyektiv və subyektiv hallar və reallıqlar, eləcə də Ermənistan dövlətinin müstəqil imkanlarının məhdudluğu şəraitində 1.5 milyon insanın tarixini adları ilə bərpa etmək nə qədər böyük işdir, arxivlərin üstünlük təşkil edən hissəsi də başqa yerlərdədir (ölkələrdə). Bu işin nə qədər vaxt aparacağını təsəvvür etmək çətin deyil”.

Görünən budur ki, yalanlarının üzə çıxacağını bilənlər Paşinyanı bu “çətin iş”dən çəkindirməyə çalışırlar. Elə Akopyanın özü də istisna etmir ki, prosesin sonunda haqlı çıxan bu qondarma iddianı yüz ildir dilindən düşürməyən ermənilər yox, bu böhtana məruz qalan keçmiş Osmanlı, bu gün isə Türkiyə olacaq.

Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan bundan əvvəl Baş nazir Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir “soyqırımına məruz qalan 1.5 milyon erməni”nin xatirəsini tam əbədiləşdirmək üçün adları və soyadları toplamaq istəyir. Artıq Paşinyanın “soyqırımı qurbanları”nın sayılması üçün göstəriş verdiyi bildirilir.

1915-ci il olaylarında - köç zamanı nə o qədər erməni ölmüşdü, nə də Osmanlıda o qədər erməni yaşamışdı. Erməniləri qorxudan da budur - reallıqların gün işığına çıxması. İllərdir Türkiyənin arxivlərin açılıb araşdırılması çağırışlarından da bu səbəbdən yan qaçırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər