Tavuş vilayəti qubernatorunun müavini Narek Quşçyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Tavuşda baş tutan görüşə İcevan icmasının rəhbəri Artur Çağaryan da qatılıb.
Görüşdə Tavuşun Fransanın müxtəlif qurumları və şəhərləri ilə əməkdaşlığı barədə danışılıb. Həmçinin tərəflər Fransanın O de Sen əyaləti ilə əməkdaşlıq, təhlükəsizlik, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq miqyasının genişləndirilməsi məsələləri müzakirə edilib.
Aprelin 19-da Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclasında delimitasiya və demarkasiya prosesinin Tavuşdan başlaması ilə bağlı anlaşma əldə edilib. Həmçinin bu çərçivədə Ermənistan tərəfindən işğal edilmiş 4 kəndin qaytarılması razılaşdırılıb. Anlaşmanın əldə edilməsindən sonra Tavuşda İrəvan əleyhinə etirazlar başlayıb. Radikal siyasi qüvvələr, eləcə də onlara bağlı silahlı qruplaşmalar kəndlərin qaytarılmasına etiraz edirlər.
Etirazların davam etdiyi vaxtda Fransa səfirinin Tavuşa getməsi, daha doğrusu, göndərilməsi təsadüfi sayıla bilməz. Görünən budur ki, baş verənlər Fransanın iradəsindən kənarda cərəyan edir, Paris prosesin önünü kəsmək üçün Ermənistandakı əlaltılarını hərəkətə gətirib. Sülh Ermənistanı cidd-cəhdlə silahlandırmağa çalışan Fransanın planına daxil deyil. Parisdə Tavuşa "qəfil artan marağın" başqa izahı ola bilməz. Bunu sərhəd və sülh məsələsində rəsmi İrəvanla Paris arasında fikir ayrılığının olması kimi də şərh etmək olar.