22 May 11:01
3 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyan və arxasında duran qüvvələr Qarabağ ermənilərinin liderlərini (separatçılar) hərəkat ətrafında səfərbər etmək niyyətindədirlərsə, deməli, artıq uduzublar. Çünki bu şəxslər tükənmiş və nüfuzlarını itirmiş şəxslərdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

Ekspert Ermənistanda hakimiyyət dəyişikliyinə dair proqram açıqlayacağını elan edən Baqratın alternativlərinin olmadığına inanır:

“Nə təklif etdiklərini anlamaq istəyirəm. Deyirlər ki, demarkasiya pisdir, daha yaxşısını təklif etsinlər, biz də dinləyək. Alternativ fəaliyyət planı yoxdursa, deməli, alternativ də yoxdur. Mən Nikol Paşinyanı Qalstanyan, Danielyan və ya Petrosyanla əvəz etmək fikrində deyiləm, buna əsas yoxdur”.

Stepanyanın sözlərinə görə, hərəkat müxtəlif mərkəzlərlə işləyir, amma ətrafında birlik yoxdur. Onun fikrincə, bunu iştirakçıları günbəgün azalan Qalstanyanın toplantıları sübut edir.

“Küçələrdə insanların sayı azaldıqca, aqressivləşirlər. Aqressivləşdikcə sağa-sola hücum edirlər, qabaqlarına çıxana “satqın” deyirlər. Bu dini hərəkat cəmiyyətdə tolerantlıq yaratmalı, insanları bir ideya, bəlkə də din ətrafında toplamalıdır, amma bunun tam əksini görürük, cəmiyyəti bölünməyə aparır. Artıq aqressivlik bütün hədləri aşır, bu, çox narahatedicidir”, - ekspert qeyd edib.

Stepanyan Baqrat və hərəkatını “saxtakar” adlandırıb.

Baqrat Qalstanyan dünən İrəvanda keçmiş separatçı rejimin təmsilçiləri ilə görüşüb. Ləğv edilmiş qondarma qurumun sonuncu başçısı Samvel Şahramanyan görüşə gəlməyib. Təsadüfi deyil ki, təxribatçı keşiş mayın 9-da aksiyalara başlayanda “Qarabağ Ermənistandır” şüarını səsləndirmişdi. Bu təxribatçı şüarın nələrə yol açdığını bu revanşist hərəkata rəhbərlik edənlər yaxşı bilirlər. Baqratın mayın 26-da açıqlayacağı proqrama bu separatçı ideyanın yer alacağı da ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu